SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhər pəncərəndən süzülən günəş şüaları sənə pozitiv gün, işıqlı ümidlər və dünyaya sevgi vəd edir. Bəs bu ümidlər, bu gözəl enerji, dünyaya sevgi nə qədər müddət davam edir? Bəxtin gətirsə, boş liftdən düşüb küçəyə çıxana kimi. Gətirməsə, elə liftdə qarşılaşdığın qonşunun aqressiv, dünyadan narazı üz ifadəsini görənə kimi.

Bu gün cəmiyyətimiz yetərincə aqressivdir. Hətta vəziyyət o yerə çatıb ki, yolda gülümsəyən insana dəli kimi baxırlar. 

Sosial və məişət problemlərinin çoxluğu, cəmiyyətin "camaat nə deyər" düşüncəsi, maddi çatışmazlıq və daha yüzlərlə səbəb insanlarda yaradır. Problemlər biz doğulandan başlayır və ölənə kimi də davam edəcək. Hər gün metroda, küçədə, işdə üzündə aqressiya olan insanlarla rastlaşmamaq üçün nə etməliyik?

Mövzuya münasibət bildirən psixoloq Murad İsayev saytımıza açıqlamasında bildirir ki, aqressiya ailə daxilində başlayır:


"Aqressiyanın cəmiyyətdə müşahidə olunmasına bir neçə səbəb göstərmək olar. Bunlardan birincisi ailədaxili gərginlikdir. Ailə daxilində olan ünsiyyət azlığı, bir-birlərini dinləyə bilməmək aqressiyanın yaranmasına səbəb olur. İnsanın daxilidə müəyyən tələbatlar ödənmədiyi üçün onlar cəmiyyət arasna çıxdıqları vaxt hər xırda məsələdən qıcıqlana bilər və bu da aqressiv davranışa gətirib çıxarır. İnsanın ünsiyyət ehtiyacı, müxtəlif tələbatları var. Bu ehtiyaclar ödənmədiyi zaman bu fiziki olaraq da öz fəsadlarını göstərir, ya da psixoloji olaraq, stress, gərginlik və aqressivliklə müşahidə oluna bilər. Ona görə də, ilk ailə daxili rahatlığı bərpa etmək lazımdır. Bunu da seriallarda və ya öz fantaziyalarındakı kimi axtarmaqla yox, özlərinə uyğun şəkildə qurmaq lazımdır. Hər bir ailə individualdır. Məsələn, öz təcrübəmə əsasən deyə bilərəm ki, bir ailə ilə işləyirdim və kişi qadının onun daxili aləmini anlamaması ilə bağlı şikayət edirdi. Hər iki tərəf çox fərqli ailədə tərbiyyə alıb. Onların oxuduğu kitab, izlədiyi film və hətta əyləncə anlayışları fərqlidir. Onlar bir-birinə uyğunlaşa bilmir və bu da bizim ailələrin əsas pproblemidir. Yaşlı nəsil deyir ki, uşaq olsun düzələcək. Amma bu tamamilə yanlış yanaşmadır. Demək istədiyim odur ki, aqressiyanın qarşısını almaq üçün ilk növbədə ailə daxili münasibətləri gücləndirmək lazımdır". 

Murad İsayev qeyd edir ki, bizdə kütləvi maarifləndirmə çatışmazlığı var. Bu məsələlərlə bağlı çoxlu sosial çarxlar çəkilməlidir. Məsələn, "Baku bus"larda olan səs yazısı ki var, nəzakəti, bir-birinə hörmət etməyi təkrar təkrar eşidirik. Bu səsi dinləməsək belə, təkrar-təkrar eşitiyimiz üçün şüuraltımıza işləyir. Bu çox böyük göstəricidir. Çünki insan bu səsi təkrar-təkrar eşitdikcə nəzakət qaydalarına riayət etməyə təşviq olunur.  Lakin 10 il bundan qabaqla müqayisə aparsaq, həmin vaxt olan gərginliklə indiki gərginlik arasında yerlə göy qədər fərq var. Sadəcə əvvəllər bunu çəkib yayan, paylaşan yox idi. İndi isə çəkilib, sosial şəbəkələrdə yayıldığı üçün bizə elə gəlir ki, aqresiv davranışlar çoxalıb. 

"Bizim ölkə qonşu Türkiyə və ya Rusiyaya görə vəziyyət daha sakitdir.İrəliləyiş kifayət qədər çoxdur. Mən Rusiya və Ukraniyada olduğum vaxt müşahidələrimə əsasən deyə bilərəm ki, bizim ölkədə insanlar daha nəzakətlidir. Onu da qeyd edim ki, Azərbaycanın Sovetin tərkibində olduğu üçün Rusiya xalqının sərt, kobud davranışları bizə təsirsiz ötüşməyib. Sosial reklam, təbliğat, gənclərin birləşib ən azından "flashmob" etməkləri hamsı nəticə verəcək. Problemi uzaqda axtarmaq da lazım deyil. İnsan fərdi olaraq da, özünü tərbiyyələndirməli və küçədə, cəmiyyət arasında olan davranışlarına nəzarət etməlidir. Sovetdən qalan müəyyən streotiplər qırılmalıdır. Mən şəxsən, mütəxəssis və vətəndaş olaraq, cəmiyyətdə aqressiyanın əvəlki illərə nisbətən azalmasının və hər şeyin yaxşıya doğru dəyişməsinin şahidi oluram"-deyə,  Murad İsayev bildirib.  

Təmiz Dünya İctimai birliyinin sədri Mehriban Zeynalova BAKU.WS-ə açıqlamasında ailə daxilində və insanlar arasında olan aqressiyanın səbəbi kimi inamsızlığı əsas səbəblərdən biri hesab edir:

"Aqressiya ölkəmizdə ciddi problemdir. Aqressiaynın bir səbəbi insanların bir-birinə inamsız olmasından irəli gəlir. İnamsızlıq, etibarsızlıq ailənin içində var. Yeni ailə quran insanlar belə bir-birinə inanmırlar. Bu da aşırı narahtalıq və aqressiya doğurur. Bir çox ailə münasibətlərində gələcəyə əminlik yoxdur. Aqressiya üçün bir çox səbəblər var. Məsələn, işsizlik, iş yerində insanlara qarşı olan ədalətsizlik, əməyin düzgün qiymətləndirilməməsi, bərabərliyin mövcud olmaması və s. saymaqla bitməyən amillər var ki, bunlar aqressiya doğurur. Yaranan problemi aqressiya ilə tənzimləmək istəyi bizim cəmiyyətdə çox böyük problemdir. Halbuki, hüquqi yollar var. İnsanlar hüquqlarını bilmir, onun əvəzinə aqressiya və şiddətlə məsələni həll etməyə çalışırlar.  Ümumi aqressiv vəziyyət nəyisə həll etmək üçün vasitəyə çevrilib."


Mehriban Zeynalova aqressiyanın qarşısın almaq üçün, öz işçiləri arasında emosiyanın idarə olunması ilə bağlı təlimlər keçdiyini və aqressiyanın insan sağlamlığına, psixikasına davranışına kifayət qədər mənfi təsirləri olduğunu deyir. Bunu aradan qaldırmaq üçün, aqressiaynı idarə etməyin yollarını öyrənmək lazımdır.  Ola bilər ki, insanların evdə bunu etməyə imkanı yoxdu. amma ən azından iş yerlərində, müəssisələrdə supervayzerlər olmalıdır. Əgər, iş yerində özləri bunu edə bilmirsə. mütəxəssis dəvət olunmalı və onlar bu mövzuları müzakirə edib, insanları təlimatlandırmalı və onları nəticə əldə etmək üçün düzgün yönlədirməlidirlər. Çünki hər xırda şey aqressiya yaradır. Bəlkə də insanlar oturub söhbət etsə, bir-birini dinləməyə çalışsa, vəziyyət bu qədər gərgin olmaz.  


"Aqressiyaya səbəb olan amillərdən biri də insanların eqolu olmasıdır. Hər kəs özünü başqalarından daha üstün hesab edir. İnsanlar bir-birinə tolerant deyil, bir-birlərini eşitmək, dinləmək, hörmət etmək istəmirlər. Aqressiya nədən doğur?  Mədəni keyfiyyətlərin azalmasından. Burda mədəniyyət faktoru çox mühüm rol oynayır. Əvvəllər iş yerində insanlar kollektiv şəkildə tamaşaya, konsertlərə gedirdi. Düşünürəm ki, bu cür vərdişlərə yiyələnmək, tamaşaları, musiqi və filmləri tez-tez müzakirə etmək yaxşı olardı. Çünki insanlar istər tamaşada, istərsə də filmdə aqressiyanı və onun nəticələrini görür, müzakirə edir və bir nəticəyə gəlir"- deyə, Mehriban Zeynalova bildirir. 

Aqressiyanın səbəbləri və həlli problemlərinə münasibət bildirən fəlsəfə doktoru Mais Yaqub aqressiyanı  sosioloji və psixoloji problemlərin olması ilə əlaqələndirir:

"Bu psixoloji və sosioloji amillərlə əlaqəlidir. Ümumiyyətlə, toplumda müxtəlif insanlar yaşayır və bu çox vacib amildir. Cəmiyyətdə yaşayan hər kəs fərqli psixologiyaya sahibdir. Ona görə də, bəzən kiminsə ani olaraq, kiminsə özündən çıxmağı ətrafındakılar da pis təsir edir və bu aqressiyaya səbəb olur".

Mail Yaqub deyir ki, bu həm də elmi-intellektual məsələ ilə də əlaqələdir. Təssüflər olsun ki, bizim cəmiyyət çox az kitab oxuyur. Kitab oxumaq, maariflənmək insanın dünyagörüşünü zənginləşdirir. Bu da insanın daha təmkinli davranmasına yardım edir. Bu təcrübədən keçmiş faktdır. Dünyagörşü zəngin olan insanlar daha təmkinli olur. Hər zaman belə olmur təbii ki, amma bu fakt çox vaxt özünü təsdiqləyir. 
 
"Digər amil isə psixoloji amildir. Burda artıq savad rol oynamır. Məsələn, mənim 85 yaşlı nənəm var idi. O təhsil almamışdı və savadı yox idi. Buna baxmayaraq, o çpx təmkinli, səbirli insan idi və bu mənim gözümün qabağında idi. Çünki bu insan psixoloji olaraq, mənəviyyat adam idi. O tanrıya tapınan və ibadət əhli idi. Bu amilin özünün də çox köməyi var. Amma mən demirəm ki, ibadət əhlinin hamsı elədir. Demək istədiyim odur ki, bu məsələnin də köməyi var. Mən azərbaycan insanını tam da aqressiv adlandırmazdım, amma biz yenə də cəmiyyətdə intellektual və mənəvi cəhəti gücləndirməliyik ki, aqressiyanın qarşısını ala bilək"-deyə, Mais Yaqub bildirir.

Lalə Ramizqızı
BAKU.WS