SİZİN REKLAM BURADA!
055 213 76 73


Məktəbli çantasının ağırlığından çox danışılıb. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib, təkliflər verilsə də problem həllini tapmır. Dərs yükü azmış kimi bir tərəfdən də ağır çantalar şagirdləri dərsdən "soyudur”.

Bu günlərdə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çantaların yüngülləşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müəyyən tapşırıqların verildiyini deyib.

Onun sözlərinə görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır. İ.Həbibbəyli keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə edildiyini söyləyib:

"Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin”.

Təkliflə bağlı fikirlərini "Sherg.az”la bölüşən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bərabər məzmun ağırlığını da aradan qaldırmaq lazımdır.


Ekspertin qənaətincə, bu günün dərsliyi ilə işləmək müəllimlərə və şagirdlərə çətinlik gətirir:

"Çünki 21-ci əsr informasiya bolluğu əsridir. Biz gələcəyin dərsliklərini hazırlamalıyıq. Bunun üçün gələcəyə hədəflənən strateji proqramlar olmalıdır. Sözsüz ki, məzmun baxımından burada ağır yük humanitar fənlər üzərinə düşür. Fikrimcə, humanitar fənlərin məzmunundakı ağırlıqları da aradan qaldırmaq lazımdır. Bu gün dərsliklərlə bağlı müəyyən problemlər yaşanır.

İsa müəllimin söylədiyi təklif, eyni zamanda mənim dediyim kimi məzmun ağırlığının aradan qaldırılması müəyyən vaxt tələb edir. Bunu gələn dərs ilinə hazırlayıb çatdırmaq qeyri-mümkündür”.

M.Mürşüdlü çantaların ağırlığı ilə bağlı problemin həlli üçün hər bir sinif otağına dolabların yerləşdirilməsini təklif edib:

"Bu, Türkiyə təcrübəsində də belədir. Şagirdlər həmin dolaba evə aparmalı olduqları dərslikləri qoyub gedirlər. Lakin bizim şagirdlər bəzən məcbur olurlar. Məsələn, sabah tarix, ədəbiyyat və başqa dərslər varsa, kitabları da özləri ilə aparmalıdırlar. Düşünürəm ki, bu problemin həlli çox vacibdir və o qədər də maliyyə, vaxt tələb etmir. Hər sinifə bir dolab qoyulmalıdır və uşaqlar lazım olmayan kitabları həmin dolaba yerləşdirməlidirlər.

Hazırda ən yaxşı müəllim evə tapşırıq verməmək metodundan istifadə edir. Dünyanın inkişaf etmiş ölkələrində evə tapşırıq verməyən müəllim ən yaxşı müəllim hesab edilir. Müəllim müasir metodlardan istifadə edərək dərsi sinifdə keçir. Əgər şagirdə lazım olarsa, kitabını aparır və evdə təkara edir. Bu onun şəxsi məsələsidir. Şagirdin lazım oldu-olmadı yüklənməsi, evə tapşırıqların verilməsi çantaların ağır olmasına səbəbdir. Ona görə də bu gün sinif otaqlarında müəyyən dolablar qoyulsa, problem həll olunar”.
BAKU.WS