SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla təsdiq olunmuş "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” Bakının yeraltı yollarının inkişafında yeni bir mərhələnin əsasını qoyub.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə vurğulayıb ki, bu dövrün başlıca xüsusiyyəti tikinti prosesi sürətinin indiyə kimi görünməmiş hədd kəsb etməsi, inşaat işlərinin maya dəyərinin aşağı salınmasından ibarət olub.

Müasir texnologiyaların tətbiqi, dünya təcrübəsindən daha geniş şəkildə faydalanmaqla həyata keçirilən ən böyük tədbirlərdən biri mükəmməl, yerli geoloji şəraitə uyğun ən yeni tunelqazma vasitələrinin istehsalata cəlb edilməsi olub. 2011-ci ildə Almaniya istehsalı olan "Herrenknecht” (Herrenknext) tunelqazma kompleksinin ölkəyə gətirilməsi ilə Bakı metropoliteninin tikintisi tarixində tamamilə yeni bir səhifə – müasirlik və texnoloji üstünlük səhifəsi açılıb. Bu qurğu, eləcə də "Avtovağzal – Memar Əcəmi-2” sahəsində "Azərkörpü” ASC-nin tətbiq etdiyi ABŞ istehsalı olan "Robbins” tunelqazma kompleksi müxtəlif geoloji şəraitlərdə işləmək üçün yararlı idilər.

"Hər iki qazma qurğusunu səyyar müəssisə adlandırmaq olar. Onlar dağ silsiləsi, yaşayış məntəqələri və digər yerlərdə ətraf mühitə zərər vermədən yüksək qazma sürəti ilə işləyirlər. Qazma prosesi qruntun sıxlığı təmin edilmək və uçmaların qarşısı alınmaqla həyata keçirilir. Kompleksin kəsici diskləri öz dözümlüyünü müxtəlif qaya növlərində sınanmaqla sübut etmişdi və yerli şəraitdə əldə edilən gözlənilən nəticə də bunu bir daha təsdiq edib”, - deyə N.Paşayev bildirib.

Bu vaxta qədər Bakıda ay ərzində 60-65 m tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəklə gətirirlər. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır.

"Herrenknecht” qazma kompleksinin "Bənövşəyi” xəttin "Avtovağzal” stansiyasından "Memar Əcəmi-2” stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. İndiyə kimi 4 630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq "B-4” adlanan stansiyasına daxil olub. "Herrenknecht” həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb. Metro inşaatçıları bu məqama xüsusi bir önəm verirlər.

"Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4 630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. "Herrenknecht” nəinki ölkəmizdə, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir. O, Almaniya müəssisəsinin bu tipli 599-cu məhsuludur. Biz bu gün onu "B-4” stansiyasında quraşdırılmış start kamerasında qarşıladıq. İlk dəfə idi ki, kompleksin işini kənardan müşahidə etmək mümkün oldu. Beləliklə, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək”, - deyə N.Paşayev əlavə edib.

"B-5” istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.

Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, "Herrenknecht” yolunu "B-5” stansiyasına doğru davam etdirəcək.

Ziya Babayev
BAKU.WS