SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Bu gün Azərbaycanda çox adamı bir sual maraqlandırır. Görəsən vaxtilə böyük işçi qüvvəsi olan Nəqliyyat Nazirliyinin aqibəti necə olacaq?


BAKU.WS
olaraq bu suala cavab tapmağa çalışdıq. İlk öncə onu deyək ki, 2006-cı ildən ölkə ərazisində bir çox səlahiyyətlər əldə edən qurum illər ötdükcə sübut etdi ki, ona etibar olunan səlahiyyətlərin öhdəsindən layiqincə gələ bilməyib.


Qurumun tərkibində olan dəmiryolu sahəsi dağılmağa başladı. Dəmiryolları yavaş-yavaş sıradan çıxır, qatar və vaqonlar dağılırdı. Məhz bunun nəticəsindir ki, nazirliyin tərkibindəki ən vacib qurum olan "Azərbaycan Dəmir Yolları” QSC nazirliyin əlindən alındı. Bu barədə "Dəmiryolunu Ziya Məmmədovun əlindən aldılar” adlı xəbərdə ətraflı məlumat vermişdik.

 


Bundan sonra əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların gördüyü bəzi inzibati işlər də qurumdan alınaraq Dövlət Yol Polisinə verildi. Bu barədə "Ziya Məmmədova daha bir zərbə” adlı məqalədə ətraflı məlumat vermişdik.

 


Beləliklə paytaxt nəqliyyatı üçün çox vacib olan "BakuBus” şirkəti yaradıldı. Bununla da qeyri-qanuni sərnişindaşıma ilə məşğulolma hallarının eləcə də, qəza, insan ölümləri dayandı.  

 

 

Məhz bu avtobuslar xidmətə başlayandan sonra nazirliyin 5 il ərzində kart sisteminə keçmək istədiyi ancaq reallaşdıra bilmədiyi müşkül görünən iş qısa müddətdə reallaşdı. "BakuBus" fəaliyyətə başlayandan sonra Nəqliyyat Nazirliyinin birbaşa nəzarətində olan ən nəhəng nəqliyyat xidməti göstərən "Transqeyt” şirkəti də bağlandı və sərnişindaşınmanın keyfiyyəti Avropa standartına uyğunlaşdırıldı. Bu barədə "Transqeyt”dən alınan avtobusların verildiyi yeni şirkətlərin adı bilindi” adlı yazıda ətraflı məlumat vermişdik. 

 


Sonradan Nazirliyin daha bir səlahiyyəti əlindən alındı. "Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsi” bağlandı. Nazirliyin əlindən alınan səlahiyyətlər bununla da bitmədi. Qurumun tərkibindən "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” və "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti də çıxarıldı. Bu barədə "İlham Əliyevdən nəqliyyatla bağlı vacib fərman" adlı xəbərdə məlumat vermişik.

Nazirlik bağlanmasa da əvəzinə yeni Bakı Nəqliyyat Agentliyi yaradıldı. Nəqliyyat Nazirliyinin demək olar bütün öhdəsindən gələ bilmədiyi səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə verildi. Beləliklə də, Nəqliyyat Nazirliyinin təkcə quru adı və bir neçə kiçik səlahiyyəti qaldı. Bu gün Nazirliyin tərkibində Dövlət Avtomat Nəqliyyat Xidməti fəaliyyət göstərir. Şöbə yalnız rayonlarda fəaliyyət göstərən sərnişindaşımaya nəzarət edir. Lakin qurumda işləyən 550 işçidən 300-dən çoxu ixtisara düşüb. Hazırda xidmət paytaxtda sərnişindaşıma ilə məşğul olan sahibkarların sayını və digər məsələləri təhvil-təslimlə məşğuldur. Qeyri-rəsmi olaraq bildirilir ki, bir müddət sonra isə rayonlara olan nəzarət də qurumdan alınacaq. 

 

 

Bundan başqa, hazırda Nəqliyyat Nazirliyinin vaxtilə başladığı Bakı-Tbilisi-Qars layihəsinin bəzi maliyyə məsələlərini də həll etməyə çalışır. Qeyri-rəsmi aldığımız məlumatlara görə, həmin layihənin maliyyə məsələləri Nəqliyyat Nazirliyinə aiddir.

Xatırladaq ki, metronun "20 yanvar” stansiyasındakı keçid də Nəqliyyat Nazirliyinin balansındadır. 

Ekspertlər də hesab edirlər ki, Nəqliyyat Nazirliyi son günlərini yaşayır. Bundan sonra nə nazir Ziya Məmmədovun, nə də nazirliyin yenidən nəqliyyat sahəsinə nəzarət etməsi mümkün deyil. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda nazirliyin üzərinə düşən fəaliyyət və funksiyalar müvəqqəti xarakter daşıyır.

 

"Nəqliyyat Nazirliyi çox səhv siyasət yürüdürdü. İstər paytaxtda, istərsə rayonlarda gördüyü işlər əhaliyə xidmət etməyə deyil, pul qazanmağa hesablanmışdı. Onlar yalnız bir şeyi düşünürdülər, nəqliyyatdan bacardıqca çox gəlir əldə etsinlər. İndi Nəqliyyat Nazirliyinin bundan sonra iş baxımında vəziyyəti düzəltməyə heç bir şansı yoxdur”, - deyə Məzahir Rüstəmov bildirib.

 

Əminik ki, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi Nəqliyyat Nazirliyinin illərdir öhdəsindən gələ bilmədiyi işləri çox yüksək səviyyədə həyata keçirəcək. 

Ziya Babayev
BAKU.WS