SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəmiyyətin elə problemləri var ki, onları bəzəkli cümlələrlə təqdim etməyə ehtiyac yoxdur. Keçid dövrünün yarımçıq nümayəndələri olaraq, şəxsiyyət problemi yaşayırıq. Sovetin dövründə formalaşmış valideynlərin övladı və davamçısı olmaq çox çətindir. Nə sən onlar kimi ola bilirsən, nə onlar səni qəbul etmək istəyir. Yaranmış ziddiyət 5-ci sinif şagirdini intihar haqda düşünməyə vadar edir. 

BAKU.WS açıqlama verən psixoloq Murad İsayev müasir dövrdə uşaqlarda yeniyetməlik dövrünün artıq 10-11 yaşlarında başladığını bildirib. Psixoloq bu yaşda uşaqların intiharla yanaşı sui-qəsdə də meyilli olduğu faktını hər zaman diqqətdə saxlamağı və onlarla düzgün ünsiyyət qurmağın vacibliyni bildirir:

"Ümumiyyətlə, uşaqlar əvvəl 14-15 yaşlarında yeniyetməlik dövrünə keçid edirdisə, indi texnologiyanın inkişafı və iqlim dəyişikliyi uşaqların 11-12 yaşlarından ayılmağına yəni, yeniyetməlik dövrünə keçid etməsinə səbəb olur. Bunu mən öz şəxsi təcrübəmdə də müşahidə edirəm.

Bunu ona görə qeyd edirəm ki, yeniyetməlik intervalı genişləndikcə uşaqların İQ və emosional səviyyələri sürətlə qalxır. Ona görə, bu yaşda yalnız intihar halı deyil, sui qəsd, şantaj etmək hallarına da meyillilik olur. Bu cür halları media görmür. Media yalnız nəticə olduğu zaman, bu hadisələrdən xəbərdar olur. Şəxsi təcrübəmdə mən yetərincə sui qəsd hallarına meyilli olan uşaqlarla da işləmişəm. Valideynini evdən qaçmaq, sui qəsd və intiharla şantaj edən uşaqları biz çox müşahidə edirik.

Bu cür halların qarşısını almaq üçün təcili SOS siqnalı çalmaq lazımdır ki, valideynlər, pedaqoqlar arasında düzgün maarifləndirmə işləri aparılsın. 

Yeniyetməlik dövrünə qızlar daha tez daxil olur. Çox təəssüflər olsu ki, bizdə valideynlər, yaxınlar yeniyetməlik dövrünün nə olduğunu tam dərk edə bilmir və ya etmək istəmirlər. İnsanları maarifləndirmək üçün təbliğat xarakterli sosial çarx, reklam hazırlamaq lazımdır.  Valideynlər anlamalıdır ki, həmin dövrdə uşaqlarda hormonal və psixoloji dəyişiklik olduğu üçün, onlar qeyri-ixtiyari öz yaxınlarının fikirlərinin əksini edir və aqressivləşir.

Bu zaman valideynlər deyir ki, uşaq 9 yaşına kimi belə deyildi, lakin indi tamamilə dəyişib, sözə qulaq asmır, aqressiv olur. Bu zaman pedaqoq və valideynlər anlamalıdır ki, bu dövrdə uşaqlar əslində, özlərini təsdiq edib və özlərini təqdim etmək üçün bu halın normal olduğunu qəbul etməlidir. Sadəcə olaraq, biz onların enerjilərini, emosiyalarını fiziki və intellektual aktivliyə, şahmat yarışlarına, incəsənətə və s. yönəltməliyik. Qoy uşaq özünü siqaret çəkməklə və ya şantaj etməklə təsdiq etməyə çalışmasın. Yəni, çətin yaş dövrüdür və təəssüf ki, bizim cəmiyyətdə bu yaş dövrünə aid təbliğat çox zəifdir. İstər məktəbdə müəllimlər, istər məktəb psixoloqları olsun, bu yaş dövründə uşaqlara hər zaman nəzarət etməlidir.Valideyn və pedaqoq bərabər çalışmırsa, məktəb psixoloqu və valideyn arasında əlaqə yoxdursa bu cür bədbxət hadisələrin təkrarlanması davam edəcək". 

Təəssüflər olsun ki, biz çox kiçik yaşlarımızda intihar barədə düşünən, yetərincə psixoloji travma alan nəsilik. Mənim bizdən heç bir gözləntim yoxdur, elə sizin də olmasın.

Elina corablarını dizinə qədər qaldırdı ki, daş onun dizlərini incitməsin, amma bizim güvənimizi çoxdan itirən "ziyalı"lar balaca bir uşağa əxlaqsız damğası vurub, ölümünə fərman vermişdilər.

Bu hadisə mənə çox tanışdır. Həmin o direktor, onun rəfiqələri, direktorun xislətində olan valideynlərin uşaqları. Mən onları çox yaxşı tanıyıram. Çünki mən günü bu gün də bizim cəmiyyət üçün Elinayam.

İlk dəfə intihar haqda 1-ci sinifdə oxuduğum vaxt düşünmüşəm. Son zəng günü mənə hədiyyə alan məzuna, mən də gül hədiyyə etməliydim. Amma bu valideynlərimin vecinə olmadı. Onlar üçün mənim ac olmamağım daha vacib olduğu üçün gülə ayıracaqları pula yemək almaq daha məntiqli gəlirdi. Lakin müəllimim Gülzar üçün mənim hisslərimin heç bir fərqi yox idi. O məni evdən tapıb apardığım köhnə güllərə görə, sinif yoldaşlarımın yanında təhqir etməkdən çəkinməmişdi. Həmin gün mən siçan zəhəri içib intihar edəcəyimi düşünüb, əylənmək əvəzinə xeyli ağlamışdım.

Sovet psixologiyasının qurbanı olan, beyni və düşüncələri leş kimi qoxan bu "ziyalı" təbəqəsi uşaqlara yalnız hərf və rəqəm öyrədə bilər. Çünki onlar şəxsi seçimin nə olduğunu bilməyən, yalnız qonşudan daha çox tütün, pambıq yığıb birinci olmaq uğrunda mübarizə aparan dövrün manqutlarıdır. 

Psixoloq Murad İsayev sovet psixologiyasından çıxa bilməyən müəllimlərin indiki uşaqlarla dil tapa bilmədiyini bildirir:
 

"Sovet psixologiyasından gələn müəllimlər indiki uşaqları, yeniyetmələri və gəncləri qəbul etmirlər. Mən özüm də müşahidə aparıram. Çünki onların disiplin dedikləri, hansı ki,  sovet dövründə olan qayda-qanunlar ona görə mövcud idi ki, informasiya az, internet isə yox idi. İndi 5 yaşlı uşağın oynadığı oyunları heç böyüklər oynaya bilmir. Oyunların, internet sferasının uşağın psixologiyasına olan təsiri və dəyişiklikləri barədə müəllimləri də maarifləndirmək lazımdır. Sui qəsd və ya intihar barədə düşünən uşaqlar özlərinə qapanır, ünsiyyətdən qaçır, daima gərgin və aqressiv olur. Bu cür uşağın üzərinə təbii ki, hansısa qayda-qanunla getmək doğru deyil. Həmin uşaqla düzgün söhbət etmək lazımdır. Müəllimin işi yalnız dərsini deməkdən ibarət deyil. Pedaqoji yanaşma o deməkdir ki, uşağın həm mənəvi, həm fiziki sağlamlığının da qeydinə qalmaq lazımdır. Ola bilər ki, çox kiçik bir hadisə uşağa pis təsir edər və həmin an müəllimin uşaqla düzgün söhbət etməsi o kiçik nüansı aradan qaldırar. Amma bəzən həmin kiçik nüanslar qalır və böyüyüb daha ciddi hadisələrin yaranmasına yol açır".

Bəxtimiz heç gətirməyib...

6-cı sinifdə oxuduğum vaxt məktəbdə qısa yubka geyindiyim üçün əxlaqsız qızların siyahısında adım ilk sırada idi. Böyük sinif şagirdləri, sinifyoldaşlarım və təlim tərbiyyə işləri üzrə müəllimim olan Təranə ( hələ də məktəbdə müəllim işləyən, tərbiyəli, əxlaqlı ev müəlliməsi) məni bu statusa layiq görmüşdü. Sinifdəki qızlara mənimlə ünsiyyət qurmağı qadağan etmişdi. Çünki mən onların əxlaqlarına pis təsir edə bilərdim. Mən rəngli olmaqdan, onların boz dünyaları ilə savaşmaqdan çəkinmədim. Mən o müəllimin mənə yazdığı aşağı qiymətlərə görə də, mənim haqda olan düşüncələrinə görə də onunla mübarizə apardım.

Bütün bu xatirələrimi bölüşməkdə məqsədim balığın hardan iyləndiyini nəzərinizə çatdırmaqdır.  

Elinanın başına gələnlərin mediyada işıqlandırılması, ictimi səs-küyə səbəb oldu. Günahkar olanlar cəzalanmasa da, məktəblilərin intihara cəhd xəbərlərinin sayı çoxalmağa başladı. 

Space telekanalının “Operativ hissə” verlişinin aparıcısı və müxbiri Hürü Əliyeva düzgün təqdim olunmayan kriminal xəbərlərin insan psixologiyasına olan mənfi təsirlərinin danılmaz olduğunu bildirir:

“Biz informasiya texnologiyaları əsrində yaşayırıq və bu gün digər xəbərlər kimi kriminal xəbərlər də var. Mən işlədiyim kanalda da hər gün bu cür xəbərlər verilir. Düzdü, kriminal xəbərlər verilən zaman insanlarda belə bir fikir yaranır ki, media məhz bu cür xəbərlərin yayılmasına daha çox təşəbbüs göstərir. Zorakı hadisələr, amansız qətillər, dəhşətli qəzaların və intihar hadisələrinin kütləvi informasiya vasitələrində işıqlandırılması, hətta elə media orqanları var ki, onların kriminal məzmunlu xəbərlərə daha çox yer ayırması müzakirələrə səbəb olur. Çox vaxt insanlar düşünür ki, bu cür xəbərlərin yayılmasında günahkar mətbuatdır.

Mediada dərc olunan kriminal məzmunlu xəbərlərin cəmiyyətdə aqressiya yaratdığı iddia olunur.  Biz indi intihardan danışırıq. Hətta medianı intihar xəbərlərinin yayılmasına görə də qınayırlar ki, insanlar bu cür xəbərləri oxuyandan sonra intihara meyilli olur.  Bu xüsusən də, yeniyetmələrə aid olan bir hal kimi dəyərləndirilir. Mən belə düşünmürəm. Çünki intihar xəbərləri ilə bağlı xüsusi qəbul edilmiş xəbərçilik standartları var. Məsələn, bizim mediada "körpüdən atladı, özünü yandırı, boynuna ip keçirdi kimi" spesifik ifadələr var ki, bunlardan başlıqda istifadə etmək olmaz. Dəhşətli şəkildə intihar edən şəxsin görüntüsü və videosu xəbərin içidə verilməməlidir. Bu cür xəbərləri insanlara bir az yüngül formada çatdırmaq lazımdır.

Məsələn, "intiharla ölmək", "intihara təşəbbüs" kimi başlıqlar ümumiyyətlə, verilməli deyil. Yeniyetmələr və əsəbi zəif olan insanlar bu cür xəbərlərdən uzaq durmalıdır. Biz xəbərlərin içində kriminal informasiyalara yer ayırmırıq. Kriminal xəbərlər müəyyən olunmuş saatda verilir. Bu zaman valideynlər uşaqlara daha çox diqqət etməlidir ki, onlar bu cür xəbərləri izləməsinlər. Bir sözlə, kriminal xəbərlərin detallı formada təqdim olunması insanların psixologiyasına pis təsir edə bilər. Amma bunun sırf bir xəbər kimi verilməsi, mən inanmıram ki, kiminsə psixologiyasına öz mənfi təsirini göstərsin".

Hər gün yüzlərlə Elina yalnız məktəbdə yox, evdə, küçədə hər yerdə çürük beyinlərin təzyiqinə məruz qalır. Biz yoruluruq. Biz 7 yaşlı uşaqlar dünyanın gözəl olduğuna yox, qaranlıq olduğuna, çıxış yolunun ölüm olduğuna inanırıq. Biz sağlam və xoşbəxt gələcək üçün Elinaları qorumalı və onlar üçün susmamalıyıq!

Lalə Ramizqızı
BAKU.WS