"Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər".
 
BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial inkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov söyləyib. Mütəxəssis qeyd edir ki, Mərkəzi Bank kompensasiya vermədiyi halda vətəndaşlar və biznes subyektləri daxil olmaqla kredit borcu olanların bu fərqi örtməsi mümkünsuz görsənir. Çünki söhbət heç də kiçik rəqəmdən getmir:
 
"Əmək haqqları manatla olan kredit götürənlərin bu öhdəliyi qaldırması elə də asan deyil. Bu isə o deməkdir ki, Mərkəzi Bank Qazaxıstanda olduğu kimi ən azı istehlak, yəni əhalinin götürdüyü kreditləri üzrə fərqi tam olaraq kompensasiya etməlidir. İkinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi. Bunun isə cəmi 20 faizi yəni 1 milyard 417 milyon manati milli valyutada saxlanılırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Qeyd oluna bilər ki, xarici valyutada saxlanılan əmanətlərin də manat ifadəsində artımlar olub. Amma etiraf etmək lazımdır ki, istehlak kreditləri götürən vətəndaşlarımızın çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya sadəcə onların kredit borclarını manat ifadəsində artırıb".

İqtisadçı hesab edir ki, dollar ilə olan kreditlərdəki fərqi kompensasiya etmək üçün mənbə var: "Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır. Fondun gəlirləri dollar, xərcləmələri isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı o zaman fond 7 milyard 791 milyon dollar bazarda satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hal-hazırda isə fond cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra Nef Fondu 2 milyard 547 milyon dollara qənaət etmiş olacaq. Bu isə Mərkəzi Bankın rəsmi məzənnəsi isə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət isə imkan verir ki, vətəndaşların dollar olan istehlak kreditləri üzrə fərqi kompensasiya etmək mümkün olsun. Bu baxımdan, problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir. Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar", - deyə V.Bayramov əlavə edib.
 
Şahin Həbibov
BAKU.WS