...Gəncənin əsas girişindəki yollar bağlanıb. Səbəb sabiq icra başçısı Elmar Vəliyevin dövründən qalan mərkəzi küçələrin bərbad yolları yenidən salınması, su-kanalizasiya sistemi təzədən qurulması, küçələrin başdan-başa asfaltlanmasıdır. Bu, ölkənin ikinci paytaxtı sayılan Gəncəyə girişimizdə ilk təəssürat və müşahidələrimizdir.

Şəhərin mərkəzinə doğru irəlilədikcə tıxacların, qarmaqarışıqlığın, nəqliyyatın darısqal məhəllələrdən alternativ yol kimi istifadə etməsinin şahidi oluruq. Ancaq gəncəlilər nəqliyyatda yaşanan bu xaotik vəziyyətdən o qədər də narazı deyillər. Bilirlər ki, tezliklə  yollar asfaltlanıb təhvil veriləcək.

2011-ci ildən bəri Gəncənin mərkəzi küçələri çala-çuxur, asfaltı dağılmış vəziyyətdə idi. Sakinlərin sözlərinə görə, yolların düzəldilməsi ilə bərabər kanalizasiya sistemi yenilənir. Ümumiyyətlə, Gəncə böyük bir tikinti meydançasını xatırladır.

Hazırda mərkəzi Təbriz, Xoyski, Ü.Hacıbəyov küçələri və  Xətai prospekti asfaltlanıb. Bağbanlar küçəsi, Nizami prospekti də yeni təmir edilir.  Yeni salınmış qəsəbələrdə  yollar çox bərbaddır. Bildirilir ki, kanalizasiya sistemi çəkiləcək deyə, hələ yolları düzəltməyə tələsmirlər.

Sakinlər deyirlər ki, Eminbəyli küçəsi 10 ildir bərbad vəziyyətdəydi. Artıq bu küçəyə də yeni asfalt salınır. 

Paralel olaraq isə 148 binanın dam örtüyü dəyişib, hazırda daha 50 binanın dam örtüyü yenilənir, daha  200 binada da bu işlər həyata keçiriləcək. Bina sakinlərinin problemlərindən biri də liftlərlə bağlıdır. Əksər binalarda liftlərin istismar müddəti başa çatıb. Amma onlara bildirilib ki, prezident sərəncamı ilə vəsait ayrılıb, tenderlə 75 yeni lift alınacaq və quraşdırılacaq.

***
Onu da öyrənirik ki, nəhayət, camaatın içməli su problemi həllini tapır. Bundan əvvəlki səfərimizdə şəhərin tən ortasında tez-tez üzərlərində “Ağ su” sözləri yazılan su maşınlarını görürdük. Bu sözlərin maşınların üzərinə yazılması səbəbsiz deyildi. Küçələrin genişlənməsi adı ilə aparılan xaotik söküntü işləri zamanı sovetdənqalma su xətləri sıradan çıxmış, yeni borular çəkilməmiş yollar asfaltlanmışdı. Nəticədə, Gəncənin böyük bir hissəsi susuz qalmış, elə həmin günlərdən də ölkənin ikinci böyük paytaxtında “ağ su” satan maşınlar peyda olmuşdu.

Son 2018-ci ilə qədər vəziyyət dəyişməz qalmış, “ağ su” satanların biznesi genişlənmişdi. Onlar ev-ev içməli su satırdılar ki, E.Vəliyev bu problemi zamanında qulaqardı edərək yoluna qoymurdu və dəfələrlə reportajlarımızda bu barədə yazmışdıq.

Əhali suyun vedrəsini 20 qəpikdən almağa məhkum olmuşdu. İndi problem tədricən həllini tapmaqdadır. Gəncə küçələrində dolaşdığımız saatlar ərzində “ağ su” satan maşınlara rast gəlmədik.

Bunda başqa, məşhur Xan bağının yuxarı tərəfi bərbad gündəydi, oranı abadlaşdırıb bağa birləşən park salınıb, yerdə şahmat düzəldilib, idman qurğuları qoyulub. Həmin idman qurğularının, yaşıllığın salınması məhəllələrin içində də nəzərdə tutulub.

Gəncənin şəhər təsərrüfatında insan əməyini yüngülləşdirmək üçün küçə süpürən yeni texnikalar, təzə zibil maşınları gətirilməsi, yeni konteynerlər qoyulması gözlənilir. İctimai nəqliyyat da təzələnir,  belə ki, Belarusdan yeni elektrobuslar gətiriləcək.

Gəncənin təhsil, mədəniyyət və idman həyatında da dəyişikliklər nəzərə çarpır. Belə ki, Dövlət Aqrar Universitetinin yeni tədris korpusu tikilir, Gəncə Dram Teatrının yeni, müasir binası inşa olunur, olimpiya kompleksinin bünövrəsi qoyulur. 

***
Hazırkı şəhər rəhbərliyinin vətəndaşlarla işləmək strategiyası isə ondan ibarətdir ki, köhnədən yığılıb qalaqlanan şikayətlər, tikinti və s. sosial məsələlər, özbaşınalıqlar, haqsızlıqla üzləşən sakinlərin problemləri araşdırılır. Gəncə Şəhər İcra Hakimiyyəti səlahiyyəti və imkanları daxilində keçmişdən qalan problemləri yoluna qoymağa çalışır.

Sakinlər bildirirlər ki, yeni icra başçısı Niyazi Bayramov təyin olunduqdan sonra müraciətlər araşdırılır, qəbula gedən şikayətçilər dinlənilir.

Halbuki əvvəllər belə olmayıb. Dərd-sərləri olanları qapıdan qovub, təhqir belə etmək kimi idarəçilik naqislikləri bu gün də qorxulu yuxu kimi söhbətlərdə qırmızı xətlə keçir.

Köhnə dönəmdən qalaqlanan qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülür, həlli mümkün olmayanlar isə məhkəmə müstəvisində çözülmək üçün yönləndirilir. Xüsusən də sahibkarların vaxtilə üzləşdiyi qanun pozuntuları indi ən ağrılı problem kimi qalmaqdadır. Kimisinin obyekti başına uçurulub, kimisinin tikintisi yarımçıq saxlanılıb...

***
Şəhəri gəzdikcə “post Vəliyev” dövrünü xatırladan mənzərələrə rast gəlirik. “Gəncə 2016 - Avropa gənclər paytaxtı” lövhəsi qarşımıza çıxır. Vaxtilə E.Vəliyev bu məqsədlə şəhərdə genişmiqyaslı söküntü-tikinti işləri aparmışdı. Niyyət gözəl olsa da, abadlıq işləri gəncəlilərin böyük narazılığına səbəb olmuşdu. 

Adamları, sadəcə, dinləyən, istəklərini eşitmək istəyən olmamışdı. Gəncə avropalaşmaq yolunda addımladıqca, sıravi sakinlər həmin addımların altında “tapdalanmış”, “əzilmişdilər”.

Gəncə bulvarı proyekti də o vaxtdan yarımçıq qalıb. Məhz bu proyekt Gəncənin ümumi görünüşünü dəyişməli idi.  Lakin yenə də narazılıq  yaranmışdı. Sadə adamların evlərini söküb bulvar salınmağa başlanmışdı.

Sakinlərə isə kompensasiya əvəzinə, şəhərdən kənarda 3-5 sot torpaq sahəsi təklif olunub, götürməyənlərə isə “gedin, kimə istəyirsiz şikayət edin” şəklində münasibət sərgilənmişdi. Əlləri hər yerdən üzülən sakinlər məcbur olub şəhərdən kənara köç etməli olmuşdular. 

Bəs bu hay-küyün sonunda nə oldu?  Heç nə... Sakinlər deyirlər ki, bulvarın əsaslı tikintisinə ehtiyac var. E.Vəliyevdən yarımçıq qalan bu cür nəhəng layihələrdən biri isə “Qafqaz Grand” ticarət mərkəzidir.

Yerli sakinlər deyirlər ki, bazar sabiq icra başçısına məxsusdur. Bu gün də  fəaliyyətini davam etdirir. Öyrənirik ki, ticarətçilərdən aylıq yer pulunu da sabiq başçının adamları yığırlar. Əslində Gəncənin əsas üç bazarı var: “Sərçə bazarı”, (kiçik olduğu üçün belə adlanır), Mahrasa bağındakı bazar və kolxoz bazarı...

Sabiq başçının dövründə kolxoz bazarı sökülüb. Oradakı ticarətçilər isə “Qafqaz Grand”a yönləndiriliblər. Digər iki bazarda işləyənlər  də məcburi şəkildə ora köçürülüblər, yer pulu da köhnə bazarlardan qat-qat artıq olub.

Ticarətçilər vəziyyətdən narazı olsalar da, əllərindən heç nə gəlməyib, məcbur həmin bazarda işləyib sahiblərinin aylarla, illərlə sərvətlərinin üzərinə sərvət gətiriblər.

Hətta Gəncədəki avtobusların hərəkət trayektoriyasını dəyişdirərək “Qafqaz Grand” ticarət mərkəzinin qarşısından salıblar. Di gəl, üç bazarı “udan” “Qafqaz Grand”ın ömrü 2018-ci ilin məlum qanlı olaylarına qədər sürüb...

Elə ki, icra başçısı vəzifəsindən azad olunub, ticarətçilərin əsas hissəsi köhnə bazarlara qayıdıblar, yerlə bir edilən kolxoz bazarının köhnə ticarətçiləri isə bu gün də “Qafqaz Grand”dadırlar. Maraqlısı budur ki, hazırda ən pis günlərini yaşayan bazarda ən ucuz qiymətə təklif olunan yerlərə müştəri tapılmır.

Adda-budda obyektlər, göy-göyərti bazarı işləyir, əksər dükanlar isə bağlıdır, qarşısında icarəyə verilməsi barədə  elanlar vurulub.

Əslində ticarət mərkəzinin ərazisi Bakıdakı “8-ci kilometr bazarı” ilə bəhsə girəcək qədər böyükdür. Gəl ki, burada işləmək istəyənlər o qədər çox deyil.

Amma Vəliyevdən qalan miras tək bu bazar deyil. Sabiq başçının Gəncənin Cavad xan küçəsində də tikintisi yarımçıq qalmış hoteli var.

Obyektin içərisindəki işlər tamamlanmayıb.  Eyni zamanda “Ramada” hotelinin də onun nəzarətində olduğu söylənir. Sakinlər isə deyirlər ki, E.Vəliyev özü burada yaşamır, evinin qapısı qıfıllıdır. Ondan qalan mal-mülk, bir də acı xatirələrdir...

Yeni Müsavat
BAKU.WS


QALEREYA

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ