SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev tərəfindən "GEN" MMC tikinti şirkətinin zərərçəkmişlərinin məsələsinin həllinə start verilib. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aldadılmış vətəndaşların mənzillə təmin olunması və ya batmış pullarının "dirildilməsini" ölkənin tikinti maqnatı "Şərur" MTK-nın sədri İsfəndiyar Axundova tapşırıb.

Yüzlərlə zərərçəkmiş adından BAKU.WS-ə danışan Afət Əzizova reputasiyası ləkəli olan "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamına etibar etmədiklərini bildirdi: 

"Ölkədə günü-gündən şişən, qlobal bir problemə dönən aldadılmış payçı ordusu yaradılıb. GEN MMC, MURAY (bir hissəsinin məsələsini "Şərur" şirkəti "həll" edib, növbəti girdaba salıb, bir hissəsi məhkəmələrdə, küçələrdədir), Fuad LTD, Olimpus MTK, Kamran MTK, Birlik MTK, "Sevil" yaşayış massivi və onlarla başqaları.

Vətəndaş hansısa yolla başı üstündə dam düzəldir, onda da aldadılır. Hər 5 ev alandan 2 nəfəri aldadılmış olur. Kiminsə məharətli barmağı ilə dövlətdən narazı kütlə yaradılır, "istehsal" sürətlə işləyir, aldadılanların sayı günü-gündən artır. Bu kimə lazımdır? Kim bu işə başçılıq edir? Kimdir əlacsız insanları illərlə məhkəmələrdə, məmur qəbullarında sürüdənlər? Nə qədər sürünəcəyik? Niyə hamı yeganə ümidini möhtərəm Prezidentimizdə və Mehriban xanımda görməlidir?

Vallah, mən xəcalət çəkirəm onlara müraciət yazanda. Qarabağ böyda dərdi olan ölkənin rəhbərliyini belə xırda işə görə narahat etmək mənim üçün utancvericidir. Amma 12 illik sürünmələrdən, kirayədə yası verilən payçımızdan, evsizlikdən ailəsi dağılan Səiddən, əsəbdən insult alan Aişə, Natəvan, Şura xanımdan, bütün mövcud xəstəliklərə düçar olub ağ yumağa dönmüş özümdən, Yetər xanımın, Nəzakət xanımın və onlarla rəhmətə gedənlərin ruhundan xəcalət çəkib bu müraciəti edirəm: yazıqdır bu xalq! Küçələrdən yığışdırın bu camaatı! Qəpik-qəpik yığıb, ev almaq istəyiblər.

Şikayət edəndə deyirlər, dövlət aldadıb səni? Məni kim aldatdığını siz daha yaxşı bilirsiniz. Şəhərin köbəyində söküntü-tikinti aparılır, hasarlanılır, telekanallar dayanmadan reklam edir, küçələrdə 5 mərtəbəli evlər boyda şitlər ucaldılır, üstündə də "Tikdim ki, izim qalsın!", təmtəraqlı ofislər... Heç kimin də xəbəri yoxdur?! Cənablar, özünüz dediyinizə inanirsınız?

İndi uzun müraciətlərimizdən sonra Prezidentimiz tərəfindən bizim məsələnin həllinə start verilib. İndi aşağılar bizim üçün növbəti girdab tədarükündədir. Bizim problemin həllinin "Şərur" şirkətinə yönəldilməsi yuxarıları aldatmaq, bizi növbəti kriminal duruma salmaqdır! Bir dəfə aldadılmışı, zərərçəkmişi ikinci dəfə ora yönləndirmək, bizim olmayan dərimizin ikinci dəfə "Şərur" tərəfindən soydurulması, bizdə böyük şübhələr yaradır.

Möhtərəm Prezident! Möhtərəm Mehriban xanım! Bizim məsələnin tezliklə, ədalətlə, ikinci dəfə aldadılmadan, saf bir şirkətə həvalə olunmaqla öz həllini tapmasında yeganə ümidimiz, dayağımız sizsiniz!"

Xatırladaq ki, "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

“GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 2008-ci ildə həbs olunub. İstintaq dövründə dəstənin digər üzvləri - 11 nəfər barəsində həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar. 2010-cu il may ayının 13-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə GEN MMC-nin rəhbəri E.Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Ə.Abbasov, Həbib Ağayev, Asif Ələmov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin əmlakları da müsadirə olunub.

Zülfiyyə Qurbanova
BAKU.WS


Həmçinin oxuyun: "GEN" MMC-nin qurbanları: "Dövləti aldadaraq, bizə qarşı cinayət törədiblər!" - VİDEO