VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir vaxtlar evin tək oğlanlarının hərbi xidmətə çağrılıb-çağrılmaması məsələsi gündəmdə idi. Milli Məclisin deputatı Zahid Oruc bir neçə dəfə məsələyə dair müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. Ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklərin edilməsini zəruri sayıb. Zahid Orucun tək övladların hərbi xidmətə getməməsi fikirləri ilə razılaşmayan həmkarları da olub.

Bəs məsələnin yenidən gündəmə gətirilməsi mümkün ola bilərmi?


BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bunun doğru olmadığını deyib:

“Ümumiyyətlə, ailənin tək oğlan uşaqlarının hərbi xidmətə getməməsi doğru deyil. Hesab edirəm ki, bu, gələcəkdə ölkədə əhalinin sayının ciddi şəkildə azalmasına səbəb ola bilər”.

Deputat bildirib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində tək oğlan uşaqlarının hərbi xidmətə getməməsi məsələsi dəfələrlə müzakirə mövzusu olub:

“Məsələ ətrafında müxtəlif mövzular müzakirə olunub. Tək oğlan uşaqlarının hərbi xidmətə getməməsi ilə bağlı iki yanaşma vardı. Birincisi, şəhid övladları ilə, ikincisi, ailənin tək övladları ilə bağlı idi. Ümumi qənaət belə idi ki, tək övladların əsgərliyə aparılmaması gələcəkdə demoqrafik dəyişikliklərə, oğlan uşaqlarının sayının azalmasına, ailə planlamasında neqativ nəticələrə gətirib çıxara bilər”.

Fərəc Quliyev tək oğlan uşaqlarının hərbi xidmətə çağrılmamasından danışarkən Çin Xalq Respublikasını nümunə göstərib:

“Həmin vaxtlarda tək övladlarla bağlı məsələ müzakirə olunarkən bir mövqe də Çin Xalq Respublikası ilə bağlı idi. Belə ki, Çin ailələrində bir övlad var. Demək olar ki, hamısı hərbi xidmətə gedir. Bizdə vəziyyət bir qədər dəyişik olduğu üçün bu məsələ aktual deyil. Düşündük ki, şəhid ailələrinin tək övladlarının arxa cəbhədə xidmət etməsi, ümumilikdə tək övladların hərbi xidmətə çağrılması zamanı ön cəbhədə yox, digər yerlərdə xidmətinin təmin olunması ilə bağlı müzakirə gedə bilər. Belə müzakirə aparılsa da, qərar qəbul olunmayıb”.

BAKU.WS