VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir.


Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti çalışır.


Qeyd edək ki, ilk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsi məsələsinə metodik dəstək verilir.

Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük əməkdaşlarının qrip epidemiyasından qorunması üçün şəxsi gigiyena qaydaları və bu qaydalardan düzgün istifadə haqqında təlimlər keçirilir, gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.


Məlumat üçün bildirək ki, artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə "Qırmızı Körpü" gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb.

Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.


Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələrinin təşkil edilməsi planlaşdırılır.

Tibb məntəqələri vətəndaşlarda və gömrük işçilərində hər hansı sağlamlıq problemi müşahidə olunarsa ilk yardımın göstərilməsi üçün avtomatik defibrillator, ilk yardım ləvazimatları, dərman preparatları və digər vasitələrlə təchiz olunacaqdır.

Həmçinin, sərhəd-buraxılış məntəqələrində çalışan gömrük işçilərinə Komitənin Tibbi Xidmət İdarəsinin həkimləri tərəfindən ilk yardım təlimləri təşkil ediləcək.

BAKU.WS