Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağının tökülməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə 5 müxtəlif cinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkar olunub.

Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Yevlax şəhər Polis Şöbəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.

Ziya SƏCCAD
BAKU.WS