SİZİN REKLAM BURADA!
055 213 76 73



“Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.


BAKU.WS xəbər verir ki, bu sözləri Modern.az-a ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov deyib.

A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb:

“Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab Prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.

Xatırladaq ki, Arif Alışanov 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatıb.

BAKU.WS