VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda tütündən istifadənin 2020-ci ilədək 10 faiz azaldılması nəzərdə tutulur.
 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da bildirilir.

Strategiyanın hədəflərinə, həmçinin gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması, böyüklər arasında fiziki passivliyin 10 faizədək azaldılması, piylənmənin yayılmasında artımın qarşısının alınması, şəkərli diabetin yayılmasının artım tempinin azaldılması, hipertoniya ilə xəstələnmə səviyyəsinin stabilləşdirilməsi və azalma tendensiyasına nail olunması, ilkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərinin müalicəsi üçün əsas dərman preparatları və diaqnostik texnologiyalarla əhalinin ən azı 90 faizinin əhatə olunması daxildir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Tədqiqatlar göstərir ki, ölkəmizdə kişilərin təxminən 50 faizi tütündən istifadə edir. Onların əksəriyyətində tütündən istifadə gündəlik xarakter daşıyır. Böyüklərin 14,3 faizi spirtli içkilərdən mütəmadi istifadə edir. Yaşı 18-dən yuxarı olan əhali arasında artıq çəki və piylənmə müvafiq olaraq 35,8 faiz və 21,9 faiz təşkil edir. Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər. Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb. Son hesablamalara görə, Avropa regionunda əhalinin 50 faizi artıq çəkidən, kişilərin 20 faizi və qadınların 23 faizi piylənmədən əziyyət çəkir.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4 faizi məqsədli şəkildə idmanla məşğul olur.

Strategiyada deyilir ki, Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40 faizindən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9 faizi) gün ərzində Dünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda doymamış yağlardan istifadə edilir.

Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4 faiz təşkil edib. Avropa regionunda bu göstərici orta hesabla 40 faizdir.

Ölkəmizdə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3560 nəfər təşkil edir.
 
BAKU.WS