SİZİN REKLAM BURADA!
055 213 76 73



Dərbənddə qeyri-adi Yeni il əhvalatı baş verib. Çoxuşaqlı Həşimovlar ailəsinə şəhər rəhbərliyi tərəfindən mənzil hədiyyə edilib.

Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, 9 yaşlı Əmir Həşimov ağır vəziyyətdə yaşayan ailəsinə kömək etmək üçün hər səhər məktəbə getməzdən əvvəl şəhərin küçələrini süpürür.

Əmirin anası Nahidə Həşimova da süpürgəçidir və beş uşağını təkbaşına böyüdür. Əmir onun sonbeşiyidir. Ailənin öz evi yoxdur və buna görə də, şəraitsiz kirayə evdə yaşamağa məcburdur. Süpürgəçi maaşı ilə yaxşı ev tutmaq mümkün deyil.

“Evdə isti su və vanna yoxdur, buna görə də, uşaqları tasın içində çimdirirəm. Ev qızınmadığı üçün tez-tez xəstələnirlər. Böyük oğlum ağır xəstədir, pulun çox hissəsi dərmanlara gedir. Ən böyük arzumuz öz evimizin olmasıdır”, - Nahidə Həşimova jurnalistlərə deyib.

Əmir böyüyəndə hərbi həkim olmaq arzusundadır. Lakin özünün etiraf etdiyinə görə, ən böyük istəyi böyüyən kimi yaxşı maaşı olan iş tapmaq və anasına şəraitli ev almaqdır. Bu reportaj şəhər rəhbərliyinin diqqətini cəlb edib.

Dərbəndin meri Xizri Abakarov 9 yaşlı Əmirlə görüşüb və bildirib ki, onu özünün ictimai köməkçisi təyin edir.

Bu gün isə Dərbənddən daha bir xoş xəbər gəlib. Şəhər rəhbərliyindən verilən məlumata görə, X.Abakarovun göstərişi ilə Həşimovlar ailəsinə yeni mənzil hədiyyə edilib. Bu hədiyyə büdcə vəsaiti hesabına edilməyib, pulunu adı çəkilməyən xeyriyyəçi ödəyəcək.

“Pul ayrılıb, Həşimovlar özlərinə uyğun mənzil seçirlər və Yeni ilə qədər bütün sənədləşmələr bitəcək, onlar 2019-cu ili yeni mənzillərində qarşılayacaqlar”, - şəhər rəhbərliyindən bildirilib.

BAKU.WS