SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycanın su ehtiyatları məhduddur. Su ehtiyatların 70 faizi qonşu ölkələrin ərazisində formalaşıb və bizə çirklənmiş vəziyyətdə gəlir".

Bunu "Azərsu" ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov Dayanıqlı İnkişafa dair Bakı Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcək üçün proqnozlar ürəkaçan deyil: "Belə ki, 2050-ci ildə planetin hər 4 nəfərdən biri su problemi olan ölkələrdə yaşayaca. Təəssüf ki, Azərbaycan da həmin ölkələr sırasında olacaq. Bu gün Azərbaycanda hər bir insan üçün düşən su payı 3200 kubmetrdir. Transsərhəd çaylar çıxmaqla bu rəqəm 1051 kubmetrdir. 2025-ci ildə bu rəqəm daha da azalaraq 972 kubmetrə çatacaq. Bu gün Kür çayının su ehtiyatları 52,4 faiz, yerli çaylarınkı isə 16 faiz azalıb. Bu azalmaların səbəbi antropogen amillərdir. İqlim amillərinin də burada payı böyükdür".

F.İmanov bildirib ki, problemlərin həlliinə iqlim dəyişikliklərinin adaptasiya yolu ilə də baxıla bilər: "Ərazimizin bir hissəsi işğal olunub və orada Sərsəng su anbarı işğal altında qalıb. Qarabağ zonası və ətrafında yaşayan əhali həmin su anbarının ehtiyatlarından istifadə edə bilmir. Nəticədə son illərdə həmin bölgəyə yaxın ərazilərdə 600-ə yaxın subartezian quyuları qazılıb və onlar yüksək səviyyədə istismar olunur. 25 il bundan əvvəl quyuların məhsuldarlığı saniyədə istifadəsi 25-30 litr idisə, bu gün 6-8 litrə düşüb. Bu isə o deməkdir ki, əhalini içməli su ilə təmin etməliyik və yeni quyular qazılmalıdır. Nəticədə isə yeraltı sulara böyük yük düşür. İqlim dəyişikliklərinə ən həssas bölgə Kiçik Qafqazdır".

İnstitut direktorunun müavini qeyd edib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırmaq üçün 52 rayonda layihələr həyata keçirilir: "Ondan artıq şəhərdə kanalizasiya sistemləri inşa olunur. Son dövrdə ona yaxın çirkab su təmizləyici qurğuları regionlarda istifadəyə verilib. Bu çirkab suları Avropa standartlarına uyğun təmizlənir və çaylara axıdılır. İqlim dəyişiklikləri nəticəsində bulaq suları quruyur. Bunun quruması isə bizim üçün problem yaradır. Sel və daşqınların təkrarlanması tezliyi artıb. Bu isə əhalinin içməli su təhcizatı üçün çaylarda quraşdırılan qurğulara mənfi təsir göstərir".

BAKU.WS