SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) BAKU.WS-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb.

DGK bildirir ki, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir:

"Belə ki, bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanları tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərəhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir.

Eyni zamanda, qida məhsullarının təhlükəsizliyinin yoxlanılmasına dair Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür".

BAKU.WS