SİZİN REKLAM BURADA!
055 213 76 73




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, sentyabrın 20-də ölkə ərazisində Aşura günü qeyd olunacaq.

Hər il olduğu kimi bu il də Nardaran kəndlərində keçiriləcək Aşura mərasimləri diqqət mərkəzindədir. Çünki burada keçirilən Aşura mərasimləri daha çox bədənin müxtəlif hissələrinə edilən xəsarətlərlə yadda qalıb.

Bəs bu il Nardaranda Aşura mərasimi necə keçiriləcək?

Xüsusilə azyaşlılar mərasimə buraxılacaqmı?

Nardaranda yerləşən “Rəhim xanım məscidi”nin axundu hacı Musa Qasımov Modern.az-a açıqlamasında Aşura günü ilə bağlı bəzi sualları cavablandırıb. Axundun sözlərinə görə, bu il də Aşura günündə Nardaranda zəncir vurmaq olmayacaq.

“Artıq bir neçə ildir ki, Nardaranda zəncir vurmaq, sinə döymək kimi hərəkətlər yoxdur. İnsanlar adi qaydada Məhərrəmlik ayinlərini icra edirlər. Həmçinin, bu cür məsələlər nəzarət altında olur. Bu il də zəncir vurub sinə döyməyəcəklər”

Məscidin axundu qanvermə aksiyasından da söz açıb.

“Nardaranda da qanvermə aksiyası keçiriləcək. Düşünürük ki, qan vermək savab işdir. Hər il olduğu kimi, bu il də qanvermə aksiyası istisna deyil”

Musa Qasımov azyaşlı və məktəb yaşında olan uşaqların Aşura mərasiminə qatılmasına da münasibət bildirib.

“Azyaşlıların məsciddə nə işi var?! Əgər məktəb yaşındadırlarsa, onların yeri məktəbdir, məscid deyil. Aşura mərasiminə uşaqların ataları, babaları, anaları gələ bilər. Məktəb uşaqları gedib dərsləri ilə məşğul olsunlar. Çünki artıq uşaqların Aşura mərasiminə qatılması xüsusi nəzarət altınadır”.

Axund Aşura günü təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də toxunub.

“Bu il də Aşura günü Nardaranda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Çünki kənardan gələn insanlar da olur. Ona görə də polis gücləndirilmiş rejimdə insanların təhlükəsizliyini təmin edəcək”

Qeyd edək ki, Məhərrəmlik ayına sentyabrın 11-də strat verilib.

BAKU.WS