SİZİN REKLAM BURADA!
055 213 76 73



Avqustun 13-dən başlayaraq mobil qurğuların IMEI kodlarının qeydiyyata alınması üçün yeni dövlət rüsumları qüvvəyə minib. Bundan sonra mobil satışı ilə məşğul olan bəzi mağazalar satdıqları telefonları qeydiyyatdan keçirmir. Bununla bağlı redaksiyamıza dəfələrlə müraciətlər daxil olur.

Bir ay bundan əvvəl telefon alan paytaxt sakini Seymur Əliyev də aldadılan müştərilərdən biridir. O, bu barədə BAKU.WS-ə şikayətində bildirib.

Seymur Əliyevin sözlərinə görə, iyulun 18-də “Əhmədli” metro stansiyası yaxınlığındakı “Klass” mobil telefonlarının satıldığı mağazadan “Samsung” markalı mobil telefon alıb.


“Sonradan SMS gəldi ki, aldığım telefon avqust ayının 20-də bağlanacaq. Çünki onu qeydiyyatdan keçirməyiblər. Mağaza ilə əlaqə saxladım. Bildirdilər ki, mobil telefonu özüm qeydiyyatdan keçirməliyəm”,- deyə şikayətçi bildirib.

Seymur Əliyev deyir ki, telefonu alarkən ona deməyiblər ki, qeydiyyat məsələsi onun öhdəliyindədir:

“Telefonu kreditlə almışam. Bir ay da ödəmişəm. Malı alanda da demədilər ki, onu özüm qeydiyyatdan keçirməliyəm. Bu barədə heç alqı-satqı müqaviləsində də yazılmayıb”.

Mağaza ilə əlaqə saxlayan Seymur Əliyevə bildiriblər ki, əgər mobil telefonu istəmirsə geri qaytara bilər. Bu zaman onun ödədiyi məbləğ geri qaytarılmayacaq:

“Mağazaya bildirdim ki, krediti ödəməyəcəyəm. Dedilər ki, ödəməsən, faiz gələcək. Daha sonra məhkəməyə verəcəklər məni. Bildirdilər ki, kimə istəyirəm şikayət edim”.

Qeyd edək ki, Seymur Əliyev həmin telefonu 360 manata alıb. Kreditlə alındığı üçün məhsulun qiymətinin üstünə 53 manat da əlavə edilib.

Həmin qiymətdə alınan məhsulu isə dövlət qeydiyyatından keçirmək üçün isə əlavə olaraq 60 manat ödəmək lazımdır.

Buradan belə nəticəyə gəlmək olar ki, mağazada 360 manata satılan telefon istehlakçıya 473 manata başa gələcək.

Məsələyə aydınlıq gətirmək üçün adı çəkilən mağazaya müraciət etdik. Mağazadan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də mobil telefonlar alıcılar tərəfindən qeydiyyatdan keçirilməlidir.

Bu məsələyə isə aydınlıq gətirməkdən imtina etdilər. Mağazanın müdirinin orada olmadığını bildirdilər.

Ekspertlər isə bildirirlər ki, belə şikayətlər çoxalıb. Bəzi mağazalar mobil telefonları qeydiyyatdan keçirmədən ölkəyə gizlin yolla gətirirlər.

Daha sonra həmin məhsulların qeydiyyata salınmasını müştərilərin boynuna qoyurlar.

Nəticədə mobil cihazın mağazada satış qiyməti ucuz göstərilsə də, istehlakçıya məhsul baha başa gəlir. Lakin brend markalı mağazalar mobil telefonları qeydiyyata salıb satışa çıxarırlar.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov BAKU.WS-ə bildirdi ki, son vaxtlar belə hadisələr çoxalıb.


Onun sözlərinə görə, telefonların qeydiyyata alınmasında dövlət rüsumu artırıldıqdan və ümumiyyətlə bu sahədə aparılan dəyişikliklərdən sonra belə şikayətlər çoxalıb.

Qanunvericiliklə bu barədə heç bir şey göstərilməyib. Lakin kreditlə satan tərəf mobil telefonun qeydiyyata alınması hansı tərəfin öhdəliyində olmasını qeyd etməlidir.

Ümumiyyətlə bu sahədə böyük anlaşılmazlıq var. Telefonların qeydiyyatı ilə bağlı atılan son addımlar çox mənfi qarşılanır. Bu sahədə böyük narazılıqlar var. Qanunvericilik aktlarında bu məsələlərdəki boşluqlar doldurulmalıdır. Bu səbəbdən də əhali aldadılır.

İstehlakçı mobil telefon alanda əvvəlcə işləyir, bir ay sonra isə məlum olur ki, onu qeydiyyata salmayıblar”, - deyə Eyyub Hüseynov bildirib.

Xatırladaq ki, avqustun 13-dən başlayaraq mobil qurğuların IMEI kodlarının qeydiyyata alınması üçün yeni dövlət rüsumları qüvvəyə minib.

Bununla da, Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

Cavid Babayev
BAKU.WS