SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda bəzi sərnişindaşıma marşrutları, həmçinin Bakı Metropoliteni gediş haqqının kartla ödənilməsi sisteminə keçsə də, günün pik saatlarında "BakıKart" ödəniş terminallarının qarşısında növbə yaranır.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, bir sıra xarici ölkələrdə bu problemin həlli üçün ictimai nəqliyyatda müxtəlif ödəniş sistemləri tətbiq olunub. Məsələn, ödəniş mobil telefonlardan SMS göndərməklə, nəqliyyat kartının balansını onlayn doldurmaqla həyata keçirilir.

Xatırladaq ki, 2010-cu ildə Bakı metrosunda oxşar sistemlərdən biri tətbiq olunmuşdu. Belə ki, sözügedən sistemdən “Azercell" simsiz rabitə operatorunun abonentləri istifadə edə bilirdi.

Bunun üçün “Azercell" şəbəkəsinin abonentləri bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə isə 9905 nömrələrinə boş SMS göndərməli idilər. SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olurdu və bundan sonra ştrix-kod istifadə üçün aktivləşirdi.

Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gediş haqqını ödəyirdi.

İlk olaraq metronun “Elmlər Akademiyası” stansiyasının turniketlərində quraşdırılan hesablayıcı qurğu bir müddət sonra digər metro stansiyalarda da tətbiq olunmalı idi, lakin sistemin fəaliyyəti qısa zamanda dayandırıldı.

Məsələ ilə bağlı “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, həmin ödəniş sistemindən istifadə edənlərin sayı gözləntilərdən az olduğuna görə onun fəaliyyəti çox çəkmədi.

B.Məmmədov onu da qeyd edib ki, bu kimi yeni layihələr həyata keçirmək üçün şirkətlərdən də qarşılıqlı olaraq təkliflər irəli sürülməlidir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə alternativ ödəniş sistemləri ilə bağlı layihələr barədə danışmağın hələ tez olduğunu deyib:

“Ödəniş sistemi ilə bağlı hazırda Agentlik olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri kart vasitəsilə nağdsız ödəniş sisteminin əhatə dairəsini genişləndirməkdir. Çünki bu gün mövcud marşrut şəbəkəsinin çox az qismində - təqribən 20%-də nağdsız ödəniş həyata keçirilir”.

M.Ağayev qeyd edib ki, hazırkı kart sistemi avtobuslarda tam tətbiq olunduqdan sonra BNA başqa yeniliklərə doğru addım ata bilər.

BAKU.WS