VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir "2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini bildirib.

BAKU.WS xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənov sputnik.az-a açıqlamasında pensiya təyinatı sisteminin elektronlaşdırılması məsələsini şərh edib.

O bildirib ki, pensiya təyinatı sisteminin elektronlaşdırılmasında ciddi problem yoxdur: "Bu sahədə böyük bir bazaya, müxtəlif qurumlardan informasiyaların qəbul edilməsinə ehtiyac var. Hazırda Azərbaycanda hökumətin elektronlaşması istiqamətində işlər gedir və elektron hökumət portalı fəaliyyət göstərir.

450-ə yaxın xidmət ayrı-ayrı dövlət qurumları tərəfindən bu portal üzərindən təklif olunur. Yəni ayrı-ayrı qurumların bazaları arasında effektiv əlaqənin qurulması təmin olunarsa, keyfiyyətli məlumat bazası formalaşarsa, bu, vətəndaşın xərcini, sərf etdiyi zamanı azaldır, subyektiv yanaşma kimi müşahidə olunan mənfi halları aradan qaldırır. Bu müsbətdir".

Onun sözlərinə görə, bu gün vətəndaşlar "ASAN İmza" və yaxud da "Elektron İmza" ilə elektron hökumət portalı üzərindən Dövlət Sosial Müdafiə Fondunun pəncərəsində öz sığorta yığımlarının həcmini yoxlaya bilirlər: "Təəssüf ki, yoxlamalar zamanı bir çox hallarda vətəndaş tərəfindən ödənilmiş sosial sığorta haqqını faktiki olaraq onun fərdi hesabına yerləşdirilmədiyi məlum olur”.

“Yəni bu kimi mənfi hallar var, xüsusilə Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında. Bu problemlər tamamilə ardan qaldırılarsa, o zaman mümkündür ki, elektron formada pensiya təminatı sistemi qurulsun. Yəni düşünürəm ki, burada hər hansı bir çətinlik olmayacaq" – ekspert deyib.

R.Həsənov qeyd edib ki, iki ildir ünvanlı sosial yardım elektron müraciət əsasında müəyyənləşdirilir, amma burada ciddi nöqsanlar var: "Məsələn, müəyyən qeyri-rəsmi ödəniş qarşılığında insanlar ünvanlı sosial yardım alanlar siyahısına daxil edilə bilirlər. Yəni yanaşma bu səpkidə olacaqsa, yenə də nöqsanların olması müşahidə ediləcək. Nöqsanlar aradan qalxarsa, elektron formada pensiyanın təyin edilməsi mexanizminin formalaşdırılması ən optimal və uğurlu çıxış yolu ola bilər".

İqtisadçı əlavə edib ki, beynəlxalq təcrübədə xidmətlər çox sürətlə elektronlaşır: "Hətta bəzi ölkələr bizim təsəvvür etmədiyimiz xidmətləri belə elektronlaşdırırlar. Burada ciddi bir problem yoxdur. Yəni vətəndaş ona pensiya təyin olunması üçün mütləq hansısa məmurun qarşısında dayanmalıdır? Sistem elə qurulmalıdır ki, hökumət maksimum az xərclə, ştatla keyfiyyətli xidmətlər təklif edə bilsin və vətəndaş incidilməsin".

BAKU.WS