Bu dəfə biz sizə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən Şövkət Məmmədova, Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsindən danışacayıq.

Xatırladaq ki, əvvəllər Abay Kunanbayev küçəsindən (Bolluq bazarından) Gənclik metrostansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri ya düzünə Şövkət Məmmədova küçəsinə ya da sağa Süleyman Sani Axundov küçəsinə hərəkət edirdilər.

Dəyişiklikdən sonra bu istiqamətdə hərəkət yalnız sağa yönəldilir. Əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri isə hər 3 istiqamətdə (sağa,düzünə və sola) hərəkət edə bilər.

Bu addım günün pik saatlarında yaranan tıxacın qarşısını almaq üçün çox gözəl addımdır. Lakin həmişəki kimi qaş düzəltmək yerinə, vurub gözü çıxarmışıq. Belə ki, Sövkət Məmmədova küçəsindən sola dönmək üçün nəzərdə tutulan zolaq standartlara cavab vermir və kiçikdir.

Sola dönmək istəyən iri ölçülü nəqliyyat vasitəsi istər istəməz nişanlama xəttinin tələbini pozaraq zolaqdan sağa, kənara çıxır. Bu isə Süleyman Sani Axundov və Abay Kunanbayev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə mane yaradır.

Bundan əlavə Sövkət Məmmədova küçəsində yerdə 1.18 nişanlanma xətti cəmi 2 dəfə təkrarlanır. Bu isə arxadan dayanan nəqiyyat vasitələrinin həmən işarəni görməməsinə səbəb olur.

Halbuki ehtiyac olduğu halda bu nişanlama xətti 10-15 dəfə təkrarlana bilər. Onuda qeyd edək ki, yolun üzərindəki zolaqlarda hərəkət istiqamətlərini göstərən 5.8.1 nişanı ərazidə quraşdırılmayıb.

Abay Kunanbey küçəsindən sağa hərəkət edən nəqliyyat vasitələri üçün düzünə hərəkət qadağandır nişanı quraşdırılsa da yerdə müvafiq adacığın çəkilməsi unudulub.

Yol polisimiz isə əvvəlki kimi öz ampulasındadır. İzah etmədən, maarifəndirmədən, xəbərdarlıq etmədən cərimə tətbiq edir.

Olmazmı ki, nişanlama xətti, nişan və digər yol-mühəndis qurğularını quraşdırıldıqdan sonra cərimə tətbiq olunsun?! Aldığımız məlumata görə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə dəyişikliyi DİN-nin Siqnal İdarəsi həyata keçirib.

Sürücülərə xatırladaq ki, nişan və nişanlama xəttinin tələbini pozduğuna görə İXM-nin 327.1 maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulub. Bu problemin həlli üçün məsələni diqqətimizdə saxlayacayıq.

(AvtoReyd)
BAKU.WS