SİZİN REKLAM BURADA!
055 213 76 73



2017-ci il noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində qəza baş vermişdi. Qəza nəticəsində Şükürov Rəşad ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin təcili müdaxilələri nəticəsində yaralının həyatını xilas etmək mümkün olmuşdu. Lakin Rəşadın anası Aybəniz Şükürova hadisənin üstündən 8 ay keçməsinə baxmayaraq övladını bu hala salan sürücünün saxlanılaraq istintaqa cəlb edilməməyindən narahatdır.

BAKU.WS milli.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazi yaxınlığında DYP kamerasının olduğu məlum olub.

Ailəyə işi araşdıran Abşeron Rayon Polis İdarəsindən qəza anının kameraya düşdüyü, lakin avtomobilin qeydiyyat nişanının aydın görünmədiyi deyilib. Piyadanı vuran avtomobilin qeydiyyat nişanı ərazidəki kameraya düşməyibsə, onu digər DYP kameraları ilə də araşdırıb, təyin etmək mümkün deyil? Bu suala Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov belə cavab verib:

"Təfərrüatı ilə cavab versəm, deməliyəm ki, bugün Bakı şəhəri üzrə qeydə alınan istənilən xoşagəlməz hadisə, istər cinayət xarakterli, istər digər xarakterli hadisələr bizim əməkdaşlar tərəfindən açılır. Yəni, hadisə baş vermiş yerə qədər və yaxud hadisənin baş verdiyi yerdən sonrakı istiqamətlər üzrə qurulmuş kameraların köməyi ilə bu aşkarlanır və günahkar qanun qarşısında cavab verməli olur. Siz haqlı olaraq sual verirsiniz ki, "Başqa yerdə kamera yoxdurmu?" - Təbii ki, var! Bunu araşdırma aparan şəxsdən soruşmalısınız (RED - İşi araşdıran müstəntiqlə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, nömrəyə zəng çatmayıb). Şikayətçi tərəfi haqlıdır. Mən onların narahatçılığını başa düşürəm və yüksək qiymətləndirirəm. Bakı şəhəri üzrə baş vermiş hər hansı bir xoşagəlməz hadisə ilə əlaqədar, hadisənin baş verdiyi yerdə belə kamera yoxdursa, ona qədər kameralar və yaxud hadisənin baş verdiyi yerdən sonrakı istiqamətlər üzrə qoyulmuş kameralardan istifadə olunur. Dünya praktikasında bu belədir - kamera görüntüləri əsasında hərəkət edirlər. Bu çox ciddi bir məsələdir. Sağ olun ki, vətəndaşın şikayətini belə yüksək qiymətləndirirsiniz. Vallah, mən çox pis oldum bu olaya görə. Narahatam! Vətəndaşın haqlı iradını, narahatçılığını anlayıram və təəssüf edirəm. Bir daha təkrar edirəm ki, Bakı şəhərində belə hadisələr baş verəndə əvvəlki və sonrakı kameralar hadisənin kim tərəfindən törədildiyini müəyyən etməkdə vacib rol oynayır. Düzdür, 8 ay böyük müddətdir. Mən də elə hesab edirəm. Ola bilməz ki, bu qədər biganəlik ola. İndiki dövrdə heç bir polis əməkdaşı istəməz ki, onun fəaliyyətində bir nöqsan olsun. Ola bilməz ki, vətəndaşa bu qədər biganəlik olsun. Bu, mümkün olan şey deyil. Ola bilər orada nəsə çatışmamazlıq olsun, həqiqətən də bu iş uzansın. Ola bilər ki, vətəndaş həqiqətən də cinayət törədər, qaçar gizlənər. Mən çox təəssüf edirəm ki, belə bir hal var. Amma hələ bunu nöqsan kimi qəbul etmək istəmirəm. Məsələni dərinliyi ilə öyrənib, sonra fikrimi bildirə bilərəm".


Xatırladaq ki, Mehdiabad qəsəbəsində yerləşən "Gənclər şəhərciyi"nin yanından keçən Binəqədi-Novxanı yolu istiqamətində 32 yaşlı Şükürov Rəşad Zahir oğlunu vuran sürücü hadisədən 8 ay keçməsinə baxmayaraq, hələ də saxlanılaraq istintaqa cəlb edilməyib.

Bildirək ki, qəzadan sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) Şükürov Rəşada qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol körpücük sümüyünün sınığı, sağ saidin hər iki sümüyünün sınığı, L2 (II bel fəqərəsi) tin çıxıntısının sınığı, sol sirkə kasasının sınığı diaqnozu qoyulmuşdu.

BAKU.WS