SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, Tarif Şurasının ötən gün verdiyi qərara əsasən, cari ilin 1 avqust tarixindən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.


BAKU.WS xəbər verir ki, sözügedən qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı sənət nümayəndələrinin fikirlərini də öyrənməyə çalışdıq.

Müğənni Elariz Məmmədoğlu: "Xəbərim yoxdur, başım qarışıb toylara".

Prodüser, aparıcı Tarix Əliyev: "Bilirsiniz ki, mən şou adamıyam, amma bu məsələyə vətəndaş kimi münasibət bildirmək istəyirəm. Belə baxanda, çoxları düşünə bilər ki, 10 qəpik elə də böyük pul deyil, amma ictimai nəqliyyatdan tez-tez istifadə edən vətəndaşların büdcəsinə mənfi təsir edir. Düşürəm ki, əgər gediş haqqı qalxıbsa, xüsusilə metropoliten rəhbərliyi yeni qatarların sayını artırsın, qatarlardakı təhlükəsizliyi daha da gücləndirsin. İndi zamanda kim kimi istəyir döyür, təhqir edir. Heç kəs məcbur deyil ki, əlində kamera gəzib baş verənləri çəksin. İlk növbədə səxlıq aradan qaldırılmalıdır, mühafizə gücləndirilmiş iş rejimində çalışmalıdır ki, xoşagəlməz hallar yaşanmasın. Avtobuslar sürücüləri də gərək sərnişinlərlə nəzakətli davransınlar, basabas yaratmamaq üçün dayanacaqdan kənar saxlamasınlar və s. Müğənnilər, məşhurlar üçün 10 qəpik pul olmaya bilər, amma adi camaatın büddəcəsinə istər-istəməz təsir edir. Ona görə də qiyməti qaldıranda, çalışsınlar, aldıqları pulun müqabilində xalqa xidmət göstərsinlər".

Müğənni Bahar Lətifqızı: "Düzünü deyim, xəbərim yox idi. Hərdən evdə soruşuram ki, çörək neçə qəpik olub. Çox istərdim ki, aztəminatlı şəxslərin elə bir kartı olsun ki, onu göstərib ictimai nəqliyyatdan ödənişsiz istifadə etsinlər".

Əməkdar artist Cavanşir Məmmədov: "Mən bu haqda fikir bildirə bilmərəm. Çalıb-oxumaqdan soruşsaydınız, ətraflı danışardım. Şübhəsiz ki, dövlətimiz bu qərarı qəbul etməmişdən öncə yüz ölçüb, bir biçib. Bütün qəbul edilən qərarlar dövlətimizin, ordumuzun inkişafı naminədir. Biz kimik ki, bunları müzakirə edək. Bəzi sənət adamları bu tip mövzulara münasibət bildirməkdənsə, heç olmasa düzgün oxumağı öyrənsələr, bayağılıqdan uzaq olsalar bəs edər".

Rəqqasə Fatimə Fətəliyeva, müğənni Nazənin Salayeva, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva isə sualımıza cavab vermək istəmədilər.

Hüseyn Məmmədsalahov
BAKU.WS