VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş ali məktəblərə qəbul imtahanında abituriyentlər üçün nəzərdə tutulmuş test suallarında səhvlik aşkar olunub.

BAKU.WS xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu gün DİM tərəfindən keçirilən qəbul imtahanında testdəki sualların birinin altında göstərilən variantlardan ikisinin düzgün olduğunu qeyd edib:

"Bu gün DİM tərəfindən keçirilmiş ali məktəblərin II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub. Onlardan biri də 91 saylı test tapşırığıdır. Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır.

Ekspert, həmçinin, bu gün keçirilən ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupunda abituriyentlərə təqdim olunmuş testdə orta məktəb dərsliyində olmayan materialların yer aldığını vurğulayıb. O, III ixtisas qrupu üzrə 73 saylı açıq test tapşırığında olan faktları təqdim edib:

"Gürcüstanda səfirlik faktı dərslikdə yoxdur. Düzdür, bu fakt Azərbaycan Xalq Cümhuriyyəti bölməsində var, amma müasir Azərbaycan Respublikası bölməsində yoxdur. Yəni, dərslikdə olmayan faktı məntiqi nəticə kimi cavab kimi seçmək olmaz. Bu test tapşırıqları ulduz ilə qeyd olunub, abituriyentlərin xeyrinə həll olunmalıdır".

Qeyd edək ki, bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılıb. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Zülfiyyə Qurbanova
BAKU.WS