SİZİN REKLAM BURADA!
055 213 76 73



Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı artıb. Axır vaxtlar isə turistlərin artımı xüsusi ilə ərəb ölkələrindən gələn vətəndaşlarla bağlıdır. Bir çoxlarının fikrincə, Azərbaycana turist axını ərəb ölkələri üçün viza şərtlərinin asanlaşması ilə əlaqədardı. Amma turizm sektorunun inkişafı son vaxtlar bir çox ölkə sakinlərini hardasa narahat edir.

BAKU.WS ərəblərin hansı səbəbdən Bakının “ən pis turisti” adını almalarını araşdırmağa çalışıb.

Bir müddət əvvəl yerli saytlarımızın birində Bakıya kütləvi axın edən ərəblər haqqında sorğu keçirilirdi. Sorğunun sualı isə belə idi: “Ərəbləri bəyənirsiniz, yoxsa yox?”. Nəticələr isə “yox” cavabı ilə üstünlük təşkil edirdi. Respondentlər bunun əsas səbəbi kimi ərəblərin xoşagəlməz davranışlarını misal çəkirdi.

                                                         
Aylar öncə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli ərəblərin Bakıya gəlişindən də bəhs etmişdi. Deputat onların ünvanına “Qonşuluğumuzda ərəblər evlər tutub qalırlar və oraları pis vəziyyətə qoyublar” cümləsini işlətmişdi.

Müxtəlif sorğulardan da görünür ki, turistlərin ölkəmizə gəlişi pis hal deyil, amma bir problem var – həmin turistlərin kimliyi. Ərəblər isə özlərini yaxşı tərəfdən göstərmədikləri üçün, şəhər sakinlərimizə yuxarıdan-aşağı baxmaları ilə əhalidə qıcıq yaradır. Respondentlər onu da vurğulayıblar ki, ərəblərin peyğəmbərlə eyni kökdən olması onlara özündənrazı olmağa haqq vermir. Ümumiyyətlə, dinə görə qürür və təkəbbür günah sayılır.

Sosial şəbəkələrdə gedən müzakirələrdə ərəblərin natəmiz olmalarından daha çox yazılır. Vətəndaşlar qeyd edir ki, ərəblər bir həftənin içində yerləşdikləri mənzili çox pis hala salırlar və onların gedişindən sonra evi təmir etmək lazım olur. Onların arasında ailəli ərəblər nisbətən fərqlənir. Belə ki, həyat yoldaşlarını, övladlarını kirayə evdə qoyan ərəblər, şəhərə alkoqol içmək və fahişələrlə görüşməyə gedir. Çox uzağa getməyək. Bir müddət əvvəl yerli KİV-də evini ərəblərə 3 günlük kirayə verən Bakı sakininin mənzildə gördüyü mənzərədən dəhşətə gəlməsi xəbəri yayılmışdı. Ərəb ailə kirayə qaldığı mənzildə heç bir təmizlik qaydasına riayət etmədən 3 gün yaşamışdılar. Evə dönən ev sahibləri kirayəyə verdikləri ərəbləri mənzildə tapmamışdı və mənzilin vəziyyətini videolentə alıb sosial şəbəkələrdə yaymışdı.



Ərəblərin yerli fahişələrlə görüşəndən sonra vəfat etmələri də ayrıca müzakirə mövzusu olmuşdu. Ərəb turistlərin Bakıda ölmələri ilə bağlı bir neçə versiya var. Azərbaycana axın edən ərəb kişiləri özlərini burada sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Ehtimal olunur ki, ərəb kişilərin orqanizmi buna davam gətirmir.


Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl da sözügedən məsələ ilə bağlı açıqlama vermişdi: “Ərəbistanda iqlim şəraiti Azərbaycanda daha ekstremal və daha istidir. Ərəblərin ölümünə iqlim və sağlam olmayan həyat tərzinin səbəb olduğuna inanmıram. Bir məsələ var ki, ərəblər içkinin qədərini bilmirlər. Mədə qanaxmasına həddən artıq spirtli içki qəbul etmək səbəb ola bilər. Marketdə dəfələrlə görmüşəm ki, ərəblər xeyli spirtli içki alıb. Bir dəfə yaxınlaşıb soruşdum, siz nə aldığınızı bilirsiniz? Dedi, hə. Bildirdim ki, aldıqları içkiləri çox içmək olmaz. Dedilər, narahat olma, bilirik. Onlar aldıqları spirtli içkiləri həmin gecə içib bitirsəydilər, sabaha sağ çıxmayacaqdılar. Biz ən azından nəyi necə içiləcəyini bilirik. Ərəblərin içki təcrübəsi, içki mədəniyyəti yoxdur. Biz elə bir coğrafiyada yaşayırıq ki, uşağı qatıq, süd, ayranla böyüdürük. Həmçinin, çörəyimiz qıcqırmış xəmirdən hazırlanır. Bir yaşından da uşağa çörək veririk. Qatıq, ayran, mayalı çörəyin tərkibində də spirt var. Bizim bədənimiz ta uşaqlıqdan spirtə alışır. Orqanizmimizdə spirtə qarşı mexanizm formalaşır. Amma ərəblərin yediyi çörək Pitadır. Çox vaxt da lavaş yeyirlər. Pita da, lavaş da mayasız hazırlanır. Bizim qədər qatıq yemirlər. Əsas düyü, ət yeyirlər. Məsələn, biz qıcqırmış meyvələrdən tut və s. yeyirik. Qıcqırmış meyvənin tərkibində spirt var. Ərəblər heç qıcqırmış meyvə də yemirlər. Onların yediyi xurmadır. Xurma da nə qədər qalsa, qıcqırmır. Bunun da təsiri var”. V.İsmayıl ərəblərin ölümünə səbəb olacaq cinsi aktivliyi artıran dərmanları da ikinci ehtimal kimi qeyd etmişdi: “Ərəblər Azərbaycana 5-6 günlük gəlir. Fələkdən bir gün çalmış kimi istəyirlər cinsi əlaqədə çox olsunlar və “Viaqra”dan istifadə edirlər. Amma bunlar konkret hadisəni izah etmir. Bunlar sadəcə versiyadır”.

Şəhər sakinlərinin etirazını da anlamaq olar: bizim öz mentalitetimiz, qaydalarımız və vərdişlərimiz var. Onu da deyək ki, özgə ölkəyə gələn hər bir insan sadəcə turist deyil, öz ölkəsinin nümayəndəsidir. Təmsil etdiyin ölkəni isə hər yerdə yaxşı tərəfdən tanıtmaq lazımdır. Ona görə də təəccüblü deyil ki, Bakıda ərəb turistləri haqqında mənfi rəy formalaşıb. Qeyd etdiyimiz kimi, onlar şəhər sakinlərinə qarşı etik qaydalara uyğun olmayan formada hərəkət edirlər, natəmizdirlər və s. mənfi xüsusiyyətləri var.

Unutmaq lazım deyil ki, şəhərimizin bəzi sakinləri heç də ərəblərdən geri qalmayaraq, doğma şəhərimizi o qədər də təmiz saxlamır. Düşünürük ki, özümüz öz şəhərimizi təmiz saxlasaq, ən azından ərəblərə yaxşı örnək olarıq. 

Hüseyn Məmmədsalahov
BAKU.WS