VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son zamanda dini mövzuda müzakirələr və qalmaqallı çıxışlar çoxalıb. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda dini ayinlərin keçirilməsi, ifratçılığın artması və digər məsələlərlə bağlı müzakirələr aparılır.

Bir müddət əvvəl isə Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirməsi böyük müzakirələrə yol açdı. Məsələyə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də münasibət bildirdi. Lakin hələ də bəzi məqamlar qaranlıq qalmışdı. Həmin məsələlərə aydınlıq gətirmək üçün Hacı Şahin Həsənli ilə əlaqə saxladıq.

İlahiyyatçı BAKU.WS-ə açıqlamasında millət vəkilinin iradının əsassız olduğunu vurğuladı.

“Fazil Mustafanın həmin video barədə münasibətini yanlış hesab edirəm. Çünki bu Azərbaycan xalqının ənənəvi inancıdır. Xalq bu inancı əsrlər boyu qoruyub. Bu bizim inkişafımıza mane olan inanc deyil. Təbii ki, xurafatdan, ifratçılıqdan hər bir şeyi azad etmək olar. Hər kəs ibadəti, namazı, orucu səhv başa düşsə ifrata varar. Xüsusən də əzadarlığı səhv başa düşmək olmaz. Əgər kimsə ifrata varırsa, bunun qarşısını almaq lazımdır. Lakin əzadarlığı inkar etmək olmaz”, - deyə Hacı Şahin bildirib.

- Bəs əzadarlıq nədir?

İlahiyyatçı deyir ki, əzadarlıq peyğəmbərimizin öz hədislərindən götürülən yoldur:

“Peyğəmbər özü İmam Hüseynə əza saxlayıb. Peyğəmbər özü insanları əzadarlığa təşviq edib. Yəni əzadarlığın din ilə ziddiyəti yoxdur. Sadəcə bəzi insanlar ola bilər ki, əzadarlıq zamanı ifrata varsınlar. Baş yarmaq, hansısa aqresiya ilə müşahidə olunan əməllər yolverilməzdir.

İmam Hüseynə əza saxlamaq dinimizdə var, bu “Qurani Kərim”dən qaynaqlanan bir ayindir. Bu insanların mənəvi təmizlənməsində əhəmiyyətlidir”.

- Əzadarlıq zamanı mərsiyə demək İmam Hüseyni gözdən salırmı?

- Mərsiyə Azərbaycan ədəbiyyatında bir janrdır. Bizim klassiklərimizin də bu janrda əsərləri var. Bəzi mərsiyələr yüksək səviyyədə olmaya bilər. Lakin yenə deyirəm ki, Seyid Talehin mərsiyə dediyi həmin görüntüdə bir problem görmürəm. Burada gülməli və ələ salınmalı bir hərəkət yoxdur. Normal əzadarlıq mərsiyəsidir.

Ümumiyyətlə kimsə hansısa mərsiyəni yanlış da oxuya bilər. Çalışırıq düzünü anladaq. Kimsə burada hansısa səhvə yol verirsə, biz onu yüngül formada başa salırıq və düzəliş veririk. Bunu aqresiv şəkildə ifadə etmək, gülmək, ələ salmaq, təhqiramiz şəkildə aşağılamaq İmam Hüseynin özünə hörmətsizlikdir. Bu dini dəyərlərimizə hörmətsizlikdir. Hər bir halda istənilən insan səhvdən sığortalanmayıb.

- Bəs Hacı Şahin Seyid Talehin hansısa mərsiyəsinə iradını bildiribmi?

- Seyid Talehlə müzakirələrimiz çox olub. Öz fikirlərimi söyləmişəm. Hansısa iradımı bildirəndə o qəbul edib. Lakin bu gün həmin məsələnin bu şəkildə şişirdilməsini düzgün saymıram.

- Yaxşı olmazdımı mərsiyə deyilməsin, İmam Hüseyn və onun keçdiyi yoldan danışılsın?

- Məclislərdə, məscidlərdə birinci hissədə İmam Hüseynin qəhrəmanlığından çıxışlar edilir. Onun şücaətindən, Kərbəla hadisəsinin mahiyyətindən danışılır. Bu hadisələrin fəlsəfəsi təhlil olunur. İkinci hissələrdə də mərsiyələr oxunulur. Bu hadisəyə bir əqli yanaşma, bir də emosional yanaşma var. Bunlar bir-birini tamamlamalıdır. Bəzi yerlərdə ola bilər ki, mərsiyələrdə ifrata varırlar.

- Qeyd edək ki, son dövrlər İrandan Azərbaycana dini təsirlərin olması barədə fikirlər mövcuddur. Hazırda Azərbaycana qonşu ölkədən hansısa təsirlər varmı?

- İrandan Azərbaycana hansısa təsirlərin olması ilə bağlı fikirlər səsləndirilir. Azərbaycanda şiələrin məhz İran təriqətinin təsiri altında olduğu barədə danışılır. Bu yanlış və heç bir əsası olmayan fikirlərdir. Bu fikirlərin tarixi əsasları yoxdur. Belə insanlara bir qədər mütaliyə etməyi məsləhət bilirəm. Azərbaycanlılara bu məktəb kənardan gəlməyib. Azərbaycan türkləri dünyaya əhli-beyt məktəbini təbliğ edən xalqlardan biri olub. Bu əqidə xalqa yad deyil. Azərbaycanda ənənəvi olaraq şiələr və sünnələr yaşayıb. Hər iki məzhəbi birləşdirən dəyər əhli-beyt məhəbbətidir. Bunu hansısa dövlətə, hansısa dəstəyə şamil etmək gülüncdür. Bunun heç bir əsası yoxdur. Yəni şiəlik Azərbaycanda köklü və əsas məzhəblərdən biridir. Bunun xariclə heç bir əlaqəsi yoxdur.

Şübhəsiz ki, bir dövlətdən digər ölkəyə təsirlər qaçılmazdır. İnternet dövrüdür. Lakin istənilən halda bu təsirləri ciddi hesab etmirəm. Bu məsələ bəzən şişirdilmiş şəkildə təqdim olunur. Ümumiyyətlə bu gün din sahəsindən Azərbaycana heç bir xarici dövlətdən təhlükə görmürəm.

Ziya SƏCCAD
BAKU.WS