Bakı şəhərdində və ətraf ərazilərdə təmir işlərilə əlaqədar bir neçə istiqamətdə yollar bağlanıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır. Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bundan başqa, Bakı Dairəvi-1 avtomobil yolunun 0-14 km-də, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Təmir işlərilə əlaqədar olaraq, sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS