SİZİN REKLAM BURADA!
055 213 76 73



“Pirlər vasitəsi ilə pul qazananlar Allahla, yaradan vasitəsi ilə insanları aldadırlar. Pirlər müftə biznesdir. Oturduğun yerdə pul gəlir. Bu işlə məşğul olanlar da adını din biznesi qoyur. Başqa cür aldatmaq bir az çətin olur, amma Allahla aldatmaq daha asandır. Təsəvvür edin, devalvasiyadan əvvəl təkcə Bibiheybət pirində nəzir qutularına atılan pulun aylıq miqdarı 400 min manat idi. Bu da bəzi işbazların asan yolla bu qədər pul qazanmasına gətirib çıxarır. Heç yerə getmir, işləmir, maşın, ev hər şey alır”.

BAKU.WS xəbər verir ki, bunu Lent.az-ın canlı yayımında ilahiyyatçı Elşad Miri deyib. Elşad Miri bildirib ki, Azərbaycanda pirlərə daha çox qadınlar gedir. Əsasən problemi olan qadınlar pirlərə daha çox üz tutur:

“Hətta qadınların vasitəsi ilə ziyarətgahlara yollanan kişilər də var. Bunun da bir neçə səbəbi mövcuddur. Hazırda cümə namazına gedən qadınların sayı azdır. Belə bir fikir ortaya atıblar ki, cümə günü qılınan namaz sadəcə kişilərə məcburidir, qadınlara isə evdə oturmaq daha yaxşıdır. Bunları bütün din xadimləri, kişilər edir. Bununla da qadınları məsciddən uzaqlaşdırıb evə, evdə də məni rahatlıq tapmayanları pirlərə üz tutmalarına səbəb yaradırlar. Ona görə də dini məkan kimi bizə təqdim olunan yerlərdən, məscidlərdən uzaqlaşdırılan qadınlar pirlərə, ocaqlara istiqamətlənirlər. Məhz orada dinlə bağlı düşüncələrini, arzularını çatdırmağa çalışırlar”.

İlahiyyatçının sözlərinə görə, pirlərə üz tutanların bir qismi də tənbəl adamlardır. Çalışqan insanlar pirlərə üz tutmur:

“Bəziləri pirlərə gedərək universitetə qəbul olmaqlarını ziyarətgahlar vasitəsi ilə Allahdan istəyirlər. Övladı olmayanlar pirə gedib oradan övlad istəyirlər. Sanki pir ginekoloji mərkəzdir. Hətta həccə gedən insanları tanıyıram ki, peyğəmbərə vəhy gəldiyi Hira mağarasına gedərək xanımının, qızının paltarını oraya sürtüb. İstehza ilə soruşmuşam ki, yəqin bunu yumazsınız, cavabında – bu yuyularmı? – deyib. İnsanlar pirləri də bütləşdirirlər”.

Elşad Miri onu da vurğulayıb ki, islamda ziyarətgahlar və pirlər haqqında heç nə qeyd olunmayıb:

“Pirlərə münasibətim mənfidir. Bunun da əsas səbəbi ziyarətgahlar, pirlər haqqında islamda heç nə yoxdur. Bu gün pirlər bizə islam adı altında sırınır, aşılanır. Deməli, bunların hamısı uydurmadır. Mən də bu cəmiyyətin bir üzvüyəm, uşaq vaxtı pirlərə getmişəm. Pirlərə münasibətin müsbət olduğu bir ənənədə yetişmiş bir şəxsəm. İnsanların etdiyi bu yanlışları biz də etmişik. İslamın əsas mənbəyi olan Qurana müraciət etdiyim zaman gördüm ki, bunların heç birinin əsası yoxdur. Peyğəmbərimizin həyatını oxuyanda da pirlərin, ziyarətgahların heç birinin orada mənbəyinin olmadığını gördüm. Ona görə də pirlərə münasibətim birmənalı olaraq mənfidir”.

BAKU.WS