SİZİN REKLAM BURADA!
055 213 76 73



Ümumilikdə 441 gəncin iştirakı ilə aparılmış tədqiqatın nəticələri göstərir ki, geniş siqaret istifadəsinin qarşısı alınması üçün nəzərdə tutulan anti-tütün posterləri və plakatları bəzi yeniyetmələrdə əksinə olaraq siqaretə maraq oyadır.

BAKU.WS-in verdiyi məlumata görə, amerikalı alimlər təcrübə yolu ilə maraqlı nəticələr əldə ediblər: siqaret paçkası və anti-tütün posterləri üzərindəki qorxudan görüntülər əks təsir doğura bilər. Onların rəyinə görə, maarifləndirici xüsusiyyət daşıdıqları güman edilən bu şəkillər əslində yeniyetmələri bu zərərli vərdişə biraz da təhrik edir.

Təcrübə üçün əvvəlcə əsas lazımi məhsul və ərzaqların satıldığı kiçik bir yanacaq doldurma mağazası interyeri hazırlanıb. Ardından 11-17 yaş arası cavanlar siqaret çəkilməsinə münasibəti əks etdirən sualların verildiyi anketi doldurmaqla, tütün istifadəsinə başlamağa nə dərəcədə həvəsli olduqlarını qeyd ediblər. Sorğuya başlamazdan əvvəl iştirakçı yeniyetmələrin 5%-i siqaret çəkdiklərini demiş, 20%-də isə siqaret istifadəsinə böyük meyl olduğu dəqiqləşdirilmişdi.

Növbəti mərhələdə yeniyetmələrin hər birisinə “mağazada” xərcləmələri üçün ayrılıqda 10 dollar verilib. Alimlər burada onları dörd qrupa bölməyi qərara alıblar. Birinci qrup üçün anti-tütün posterləri ticarət zalında siqaretlər satılan bölmədə, ikinci qrup üçünsə bu şəkillər birbaşa kassada yerləşdirilib. Üçüncü və dördüncü qruplar isə anti-tütün posterləri olmayan mağazaya daxil olublar. Təcrübə başa çatdıqdan sonra yeniyetmələr təkrarən anketi doldurmalı olublar. Əvvəldən siqaret istifadəsinə meyl göstərən 20%-də zərərli vərdişə aludəçilik riskinin mühüm dərəcədə artdığı məlum olub. Digər yeniyetmələr isə hansı “mağazada” olduqlarından asılı olmayaraq, siqaretə maraq göstərməməyə davam ediblər.

Müəlliflərin dediyinə əsasən, belə göstərici riskli qrupdan olan cavanlarda inkişaf etməkdə olan müdafiə mexanizminin nəticəsi ola bilər. Mexanizm sayəsində uşaqların siqaret istifadəsinin sağlamlığa vurduğu zərərini lazımınca dəyərləndirməməsi istisna deyil. Zədəli və çürümüş dişlərin nümayiş olunduğu poster siqaret satılan bölməyə daha böyük maraq oyadır, alimlər qeyd edir.

Bununla belə alimlər tələsmək istəmir. İştirakçı sayının az olduğu və cəmi bir növ poster yerləşdirildiyi kimi səbəblərdən nəticələr aldadıcı da ola bilər. Üstəlik siqaretə başlamaq niyyətində olduqlarını bildirən yeniyetmələrin heç də hamısı nəticədə siqaret çəkməyə başlamır və ya əksəriyyəti bir cəhddən sonra onu atır. Bir sıra ekspert isə belə qənaətdədir ki, iştirakçılar əsasən uşaq olduqlarından nəticələri bilərəkdən təhrif etməklə, tədqiqatçılarla “oyun oynamış” ola bilərlər.

Siqaret asılılığı və istifadəsi ilə bağlı üç il əvvəlki araşdırma göstərir ki, beyindəki bir nahiyə nikotindən imtinanı çətinləşdirir.

Nihat HÜSEYNZADƏ
BAKU.WS