VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


79 nömrəli marşrut xətti üzrə avtobus sürücüsünə qarşı edilən qeyri-etik davranışa görə daşıyıcı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

BAKU.WS-in məlumatına görə, bunu “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, sürücülərə qarşı belə hallara yol verilməsi doğru deyil.

“Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən bu sürücülərə qarşı bəzi sərnişinləri tərəfindən belə hallara yol verilməsi əlbəttə ki, doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbul edilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək”, - deyə M.Ağayev əlavə edib.

Qurum sözçüsü onu da vurğulayıb ki, 79 nömrəli marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sistemi ilə çalışan xətlərdəndir və bu xətt üzrə avtobus sürücüləri “BakıKart” sisteminə qoşulan digər xətlərin sürücüləri kimi sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etmələri ilə fərqlənirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun "20 yanvar" stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücünü küçə söyüşləri ilə təhqir edərək, ona yumruq zərbəsi endirib.

BAKU.WS