SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 100.000-ci sərnişin bəlli olub.

BAKU.WS
-in məlumatına görə, biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir. "Azərbaycan Dəmir Yolları” QSC Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov T.Kərimlini 100.000-ci sərnişin olması münasibətilə Cəmiyyət rəhbərliyi adından təbrik etdi, ona biznes-klass vaqonunda 1 ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim etdi.

Sonra T.Kərimli KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayəti ilə biznes-klass vaqonunda yerini tutdu.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bildirir ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. "Stadler Rail Group" şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.