SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün hazırlanıb. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə keçirilən iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir: “Hesabat məlumatlarına istinad etsək, deyə bilərik ki, 1 yanvar 2006-cı ilə qədər məcburi dövlət sosial sığorta haqları üzrə 200 milyon manata yaxın borc olub. Bu borcların 50 faizi ödənilib. 2018-ci il 1 yanvar tarixinə qədər 100.2 milyon manat əsas borc qalıb. Bu o deməkdir ki, qanun layihəsi qəbul edildikdə 1 yanvar 2006-cı ilə qədər yaranan və 1 aprel 2018-ci ilə qədər ödənilməyən 100 milyon manat vəsaiti silmək imkanımız olacaq. Yəni bu vəsait sığortaedənlərimizdən tələb olunmayacaq. Bu vəsaitləri onsuz da ümidsiz borclar siyahısına aid etmişdik”.

Qeyd edək ki, qanun layihəsi parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

BAKU.WS