VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib.

O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddətdir, sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclis deputatlarının maaşlarının 800 manat artırıldığı barədə məlumatlar dolaşır.

Hazırda MM sədrinin aylıq vəzifə maaşı 2250 manat, MM sədrinin birinci müavininin maaşı 2025 manat (MM sədrinin aylıq vəzifə maaşının 90 faizi miqdarında), MM sədrinin müavininin maaşı 1912,5 manat (MM sədrinin aylıq vəzifə maaşının 85 faizi miqdarında), MM-in komitə sədrinin maaşı 1800 manat (MM sədrinin aylıq vəzifə maaşının 80 faizi miqdarında), MM-in komitə sədrinin müavininin maaşı 1687,5 manat (MM sədrinin aylıq vəzifə maaşının 75 faizi miqdarında), Milli Məclisin deputatının maaşı isə 1575 manatdır (MM sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında).

BAKU.WS