Aşura mərasimində azyaşlı uşaqların dini geyimdə mərasimlərdə iştirakı və dini ayinləri icra etməsi ciddi müzakirələrə səbəb olub.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı, hacı Şahin Həsənli “Qafqazinfo”ya açıqlamasında bu hallara münasibət bildirib.

O qeyd edib ki, bəzi insanlar əzadarlıq mərasimlərinə səhv yanaşır: “Kərbəla hadisənin il dönümü Azərbaycanda hər il bu ayinlər şəklində həyata keçirilir. Sovet dönəmində də bu belə olub. Əzadarlıq eşq, məhəbbət məktəbidir.

Bəziləri deyir ki, bu mərasimlərdə radikal insanlar formalaşa bilər. Əksinə, əzadarlığın mahiyyətində insanlığa məhəbbət dayanır və radikal zeyniyyətə qarşıdır. Başqa insana görə yanmaq, onun qəmi ilə qəmlənmək müsbət bir haldır. Eşqi, məhəbbəti dindən çıxartsaq, onda sərt ehkamçılıq qalır və radikallığa meyl yaranır. Radikallıqla mübarizənin əsas yollarında biri əhli-beytə məhəbbətdir. Bu mərasimlərdə eyni zamanda şəhidlik məktəbi təbliğ edilir. Şəxsən bizim məscidimizdə 10 gün ərzində hər gün şəhidlər yad edildi, onların fotoları olan stendlər məscidin divarlarına vuruldu.

Azyaşlı uşaqlar da valideynlərinin razılığı ilə bu mərasimlərdə iştirak edirlərsə, onlarda vətənpərvərlik əhval-ruhiyyəsinin yaranmasına gətirib çıxarır. Misal üçün, “20 Yanvar” faciəsinin ildönümündə valideynlər uşaqlarının əlindən tutub Şəhidlər Xiyabanına aparır”.

Ş.Həsənli bildirib ki, uşaqların mərasimlərdə iştirakı normaldır: “Aşura mərasimi də şəhidliyə sayğıdır. Uşaqların geyim məsələsinə gəldikdə isə dinimiz hicabı yalnız yetkinlik yaşına çatmış qız uşaqları üçün buyurub. Azyaşlı uşaqların hicab geyinməsi vacib bir hökm deyil. Uşaqlar valideynlərinin razılığı ilə bu mərasimlərdə iştirak edirsə, biz buna etiraz etmirik. Sadəcə mərasimlərin necə keçirilməsinə nəzarət etmək lazımdı. Bədəndən qan çıxartmaq haramdır. Amma Azərbaycanda mərsiyə mərasimləri var ki, burada təhlükəli bir şey yoxdur. Bunun təhsillə də hər hansı ziddiyəti yoxdur. Məscidlərə gələn şagirdlərlə şəxsən maraqlanıram, əlaçıdırlar. “Aprel şəhidləri”nin bir neçəsi bizim məsciddə ibadət edirdi. Bu mərasimlər radikallığı yox, mərhəməti təbliğ edir. Ona görə də əks mövqeni anlaya bilmirəm”.

QMİ nümayəndəsinin sözlərinə görə ifrat əzadarlıq təkcə uşaqlara deyil, böyüklərə də tövsiyə edilmir: “Azyaşlı uşaqların zəncir vurmasından insanlar çəkinməlidirlər. Bunu maarifçilik yolu ilə etmək lazımdır. Onlarla sayda məscidlərdə ifrat əzadarlıq olmayıb. Ara-sıra epizodik hallarda olur, amma ötən illərə nisbətən say kəskin şəkildə azalıb. İnternetdə Kərbəla ilə bağlı axtarış edəndə başını, üzünü qan bürüyən şəkillər çıxır. Bu da İmam Hüseynin şəxsiyyətini kiçiltmək məqsədi daşıyır".

"Valideynlərinin razılığı ilə mərasimlərə gələn azyaşlı uşaqlar məqsəduyğun hesab etdiyiniz dini ayinlərin icrasında iştirak edə bilər?" sualına Hacı Şahin belə cavab verib:

"Əgər bu mərasimlər mötədil həddə keçirilirsə, hər bir insan iştirak edə bilər. Uşaqlar üçün valideynlərin razılığı şərtdir, zorla etmək olmaz. Əzadarlığın forması haqda isə dinimizin konkret göstərişi yoxdur. Bəzi insanlar kənardan müşahidə edir, məclislərin özündə iştirak etsələr, görərlər ki, o uşaqlar orada hər hansı ifrat hərəkətlərə yol vermirlər. Valideyn uşağın əlindən tutub mərasimə aparırsa, burada təhlükəli bir şey yoxdur”.

BAKU.WS