VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Deyirlər, uşaq atadan deyil, anadan yetim qalır. Ana olmayanda uşaq tənha olur, baxımsız qalır, küçələrə düşür. Bəlkə də böyümür, onun-bunun qapısında ölüb gedir. Bugünkü qəhrəmanımın isə anası var. Və uzaqdan övladının dilənməsini izləyir.

Adı Aynurdur, 5 yaşı var. Stolların arasında gəzir, boynunu büküb dilənir. Əvvəlcə elə bildim, qaraçıdır. Soruşdum, dedi "yox, Xocasəndənik".

- Anan yoxdur?

- Var.

- Bəs niyə səni buraxıb?

Başı ilə uzağı göstərib deyir: "Anam orda oturub mənə baxır". Deyir, balaca bir qardaşı da var. O da bulvarda dilənir. Aynurun dediyinə görə, atası yoxdur, anası iki uşağını onların diləndiyi pulla saxlayır.

Balaca Aynur bir-bir stolların arasında gəzir. Kimi yanağını dartır, kimi üzündən öpüb, ovcuna 20 qəpik qoyur.

Bu uşaqların gələcəyi necə olacaq, onlar gələcəkdə cəmiyyət üçün layiqli fərd olaraq yetişə biləcəkmi? Kim zəmanət verə bilər ki, bu gün 20 qəpik üçün onun bunun önünə qaçan, sabah hansısa təcavüzün qurbanı olmayacaq? Bütün bunlar sual altındadır.

Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, nə qədər maarifləndirilmə işləri aparılsa da, bu gün uşaqların diləndirilməsi, uşaq əməyinin istismarı halları var. Bu gün biz günün istənilən saatlarında təkər qaraldan, dilənən, səyyar satışla məşğul olan, dilənən uşaqlar görürük.


"Bunun qarşısını almaq mümkün deyil. Müəyyən zamanlarda say azalması müşahidə edilir, bu da nisbi olaraq dəyişir. Mən buna valideyn məsuliyyətsizliyi deyil, valideyn ağılsızlığı deyərdim" — koordinator deyir.

O, əlavə edir ki, əksər hallarda bu uşaqlar natamam ailələrin uşaqları olur: "Biz araşdıranda müəyyən edirik ki, həmin uşağın atası yoxdur, uşaq ananın yaşadığı hansısa bir kişinin himayəsindədir. Uşaq siqaret, içki, narkotik üçün diləndirilir. Ailə modeli tam olmayan ailələr məsuliyyətsiz ailələrdir. Məsuliyyətsiz qadın uşağa da, ailəyə də eyni yanaşır. Qadın ailəsindən ayrılsa belə, uşaqlarından imtina etməməlidir. Övladlarını ehtiraslarına qurban verən valideynlər cəzalandırılmalıdır".

V. Akifli həmçinin bildirir ki, valideynlər evdə də məsuliyyətli olmalıdırlar: "Valideynlər evdə baş verən hadisələri nəzərə alaraq, uşaqlarının xarakter və davranışlarını nəzarətdə saxlamalıdırlar. Uşaqlar hiperaktiv, əsəbi və ya nevroloji problemlidirsə, o uşaqlar üçün xüsusi proqramlar və psixoloq təyinatı olmalıdır. Belə uşaqlar evdə qaldıqları zaman əşyalarla, elektrik əşyaları ilə, mebellərlə ehtiyatlı davranmalıdır".

"Bunu uşaq özü nəzarətdə saxlaya bilmir. İstər dayə yanında, istərsə də, valideyn nəzarətində olan uşaqlar belə xüsusi proqramları almalıdırlar. Çox ailələrə psixoloq, ailə psixoloqu deyəndə, uşaqlarını psixoloqa aparmalarının lazım olduğunu deyəndə, onlar bu məsələdən qorxurlar. "Başqaları nə deyər", "Uşaqda nə problem ola bilər" və s. bu kimi fikirlər valideynlərin narahatlığına səbəb olur" — o vurğulayır.

Akiflinin sözlərinə görə, bütün valideynlər düşünürlər ki, onun uşağı normaldır və onu psixoloqa aparmamalıdır: "Bəzi valideynlər isə uşaqlarının üzərinə "hiperaktiv" sözünü əlavə etməklə özünə təsəlli verir. Uşağın dəcəl olması o demək deyil ki, uşaq hiperaktivdir. Əgər uşaq hiperaktivdirsə, bunun səbəbləri var. Burada nevroloji, somatik və əsəblə bağlı hər hansı bir problem var ki, uşaq hiperaktivdir. Hiperaktivlik dəcəllik demək deyil. Bu səbəbdən də valideynlər uşaqlarına hiperaktiv adı qoymaqla məsuliyyətdən boyun qaçırırlar".

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, valideynlərin uşaqları dilənçiliyə, məcburi əməyə cəlb etməsi valideyn məsuliyyətsizliyindən irəli gəlir: "Valideynin borcudur k, övladına 18 yaşına qədər təhsil versin, sağlamlığı ilə məşğul olsun, əyləncəsini təmin etsin. Amma təəssüf olsun ki, bəzi valideynlər övladlarına gəlir mənbəyi kimi baxırlar. Bu da uşaqların sağlamlığı ilə yanaşı psixologiyasına da böyük təsir edir. Uşaq uşaqlığını yaşa bilmədiyi üçün normal inkişaf edə bilmir. Az yaşından uşaqların əməyə cəlb edilməsi, diləndirilməsi kimi hallarla qarşılaşdığınız zaman hüquq-mühafizə orqanlarına müraciət edin".

Mansurov bildirir ki, valideyn məsuliyyətsizliyinin səbəbi gənclərin evlənməyə hazır olduğun üçün deyil, evlənmə yaşının çatdığı üçün evləndirilməsidir: "Belə ki, çox zaman gənclər özlərini idarə edə bilmədikləri halda ailə qurur, ailə saxlamağa məcbur qalırlar. Bu da bir həddə kimi davam edir".

"Sonra həyatı axarına buraxırlar. Daha uşaqla, ailə ilə maraqlanmırlar. Vaxtı özlərinə sərf edirlər. Bu zaman da olan uşağa olur. Küçələrə düşür, sahibsiz qalır, dilənçiliyə, məcburi əməyə, zorakılığa məruz qalır. Həmin uşaqlar küçələrdə tək qalır, təcavüzə uğrayır, cəmiyyət üçün layiqli yetişə bilmirlər" — sosioloq qeyd edir.

Adı valideyn məsuliyyətsizliyi olsa da, qurbanı uşaqlar olduğu üçün bu problem mənim, sənin, bizim, cəmiyyətimizin problemidir. İndi siz deyin, uşaq küçədənmi qorunmalıdır, yoxsa onu küçəyə atan valideynindənmi?

BAKU.WS