SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan manatının dollara nisbətdə bir neçə dəfə ucuzlaşması iqtisadiyyatın bir çox səhələrinə təsir edib. Manatın dəyərdən düşməsi avtomobil bazarından da yan keçməyib. Son günlər benzinin bahalaşması fonunda avtomobil bazarında ucuzlaşma müşahidə ediləcəyini gözləyənlər bir daha yanıldılar.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, avtomobil bazarında vəziyyət ürəkaçan deyil.

"İstər tələbin qarşılanması, istərsə də ümumilikdə təklif portfelinin əsas hissəsi daxili resurslar hesabına formalaşdırılır. Faktiki olaraq idxal çox kəskin şəkildə aşağı düşüb. Bu səbəbdən də daha çox köhnə avtomobillərin qiymətlərində müəyyən dövrlərdə artım müşahidə olunur. Bu gün də həmin proses baş verir. Elə avtomobillər var ki, son iki ildə onların qiyməti düşməli idi, amma tam əksinə, qiymətdə 15-20 faiz artım olub. Xaricdən avtomobillər həm dolların qiymətinin artmasına, həm də Avrostandartlara görə çox az gətirilir. Bu səbəbdən də avtomobil bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarlar yerli bazarda nə varsa, ondan istifadə edirlər. Buna görə də qiymət artımının artması təbiidir. Rəqəmlə ifadə etsək, son iki ildə idxal 6 dəfəyə yaxın azalıb. Bu, kifayət qədər böyük azalmadır".

R. Osmanlı bildirib ki, bəzi hallarda dəllallar istismar ili köhnə avtomobilləri bəzəyirlər.

"Bunlar istisna hal kimi baş verə bilər. Ümumilikdə avtomobil elə bir əmlakdır ki, alqı-satqısı zamanı həmin malın vəziyyətini, keyfiyyətini öyrənmək üçün müxtəlif vasitələrdən istifadə edilir, qənaətbəxş olmadıqda alınmır. Dəllalların alıcıları aldatmaq üçün köhnə avtomobilləri bəzəməsi halları var, amma kütləvi deyil. Köhnə avtomobilin bəzənməsi onun qiymətini cüzi miqdarda artıra bilər. Məsələn, avtomobilə 2000 manat xərc çəkilərsə, alverçi onu ən baha 2200 manata sata bilər. Bunun üçün də alverçi kifayət qədər uzun bir müddət sərf etməlidir. Bu prosesə vaxt sərf etməyinə dəymir".

BAKU.WS