SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda bir saç ustasına media mükafatı veriblər. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan mükafatın görüntüsü media nümayəndələrinin ciddi narazılığına səbəb olub. Media mütəxəssisləri mətbuatın adından istifadə edib əldə qayırma diplom və mükafatlar təsis edən, bu yolla da özlərinə biznes quran şəxslərin əməllərini kəskin tənqid ediblər.

Saç ustası ilin media mükafatına layiq görülüb. Məsələ saç ustasının kimliyi və onun bacarığı ilə deyil, mükafatı verən təşkilatla bağlıdır.
Medianın adından istifadə edilərək onun bu qədər hörmətdən salınması sosial şəbəkələrdə və media nümayəndələri arasında narazılığa səbəb olub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev mükafat verməyin hər təşkilatının öz işi olduğunu, ancaq medianın adından sui-istifadənin düzgün olmadığını vurğulayıb.

Bəzi təşkilatlar hansısa diplom və mükafatları təsis edir, ödəniş müqabilində müxtəlif sənət sahiblərinə bu təltifləri verirlər. Saç ustasına xidmət sahəsində diplom və ya mükafat verilə bilər. Media mükafatı isə sırf media mənsubları üçün olmalıdır. Saç ustasına bu adda mükafatın verilməsi mətbuatın nüfuzuna xələl gətirir.

Mütəxəssislər bəzi işbazların oyununa düşməmək üçün vətəndaşlara onlara müraciət edən şəxslərin və onlara məxsus təşkilatların araşdırılmasını tövsiyyə edirlər. Çünki təqdim olunan hansısa yalançı diplom sizi nəinki daha çox tanıda, əksinə nüfuzdan sala bilər.

BAKU.WS