SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır.

Bu barədə BAKU.WS-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki müəssisədə uşaqlara müəyyən bacarıq və vərdişlərin aşılanması üçün müxtəlif dərnək və mini emalatxanalar da fəaliyyət göstərir. Bu müəssisələrdəki uşaqların cəmiyyətdəki digər həmyaşıdları kimi bərabər imkanlara malik olmaları, onların asudə vaxtlarının səmərəli keçməsi, gəzintilərinin, onlar üçün mədəni tədbirlərin, şənliklərin və s. təşkili sahəsində də müxtəlif işlər görülür.

1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində də bu sahədə işlər aparılır. Təkcə bu ilin ötən dövründə həmin müəssisələrdən 20 nəfərə yaxın uşaq doğma ailə mühitinə qayıdıb.

Bundan başqa, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində hər il 400 nəfərədək uşağa dünya psixoterapiya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində reabilitasiya xidmətləri göstərilir. Uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi əsasında, onların fərdi reabilitasiya planları əsasında müalicəsi təşkil edilir. Onlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına, sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər.

BAKU.WS