SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərsu” ASC dünən paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında sudan baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi münasibət açıqlayıb.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının BAKU.WS-ə verdiyi məlumata görə, həmin ərazidə uzun müddət istismarda olan və 6 binanı qidalandıran içməli su xəttində qəza olub: "Əraziyə su səhər və axşam olmaqla qrafiklə verilir. Gündüz suyun verilişi dayandırılanda sızma və yağış nəticəsində borunun kənarında toplanan su qəzalı yerdən borunun içərisinə daxil olub. Sonra yenidən evlərə su veriləndə boruya kənardan daxil olmuş su mənzillərə gedib”.

Qurum rəsmisi bildirib ki, bu barədə "Azərsu” ASC-yə məlumat daxil olan kimi cəmiyyətin əməkdaşları hadisə yerində olub, binalara suyun verilməsi dərhal dayandırılıb. Əhali küçədə su maşını ilə suyla təmin olunub. Ərazidə araşdırma aparılır, borunun qəzalı hissəsi müəyyən edilib: "30 metr uzunluğunda yeni xətt çəkilir, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə həm yeni, həm də mövcud xətlər yuyulub zərərsizləşdirilib. Sonra səyyar laboratoriya maşını ilə su nümunələri götürülüb yoxlanılıb və yalnız bundan sonra binalara suyun verilişi bərpa olunub”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə Lent.az-a deyib ki, dünən Bakıda sudan zəhərlənən şəxslərdən 8 nəfər evə buraxılıb: "Hazırda xəstəxanada 10-dan çox sakin qalıb. Onlar Uşaq İnfeksion Xəstəxanasında müalicə alırlar. Əksəriyyəti uşaqdır. Həyatları üçün heç bir təhlükə yoxdur. Hazırda müalicələri davam etdirilir, bir-iki günə evə buraxılarlar”.

Ziya Səccad

BAKU.WS