Aprelin 30-da Bakıda keçirilən yürüş-marafonda bəzi ölkə rəsmiləri də iştirak edib. Onların arasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də var idi. 59 yaşlı qurum rəisinin marafonda iştirakı xüsusilə böyük maraq doğurdu.

Ümumiyyətlə, son vaxtlar Mədət Quliyevin bir neçə maraqlı performansları diqqət çəkməkdədir. Belə ki, bir neçə gün bundan əvvəl DTX rəisinin məclislərin birində kompleksdən uzaq, gitarada məharətli ifası, rus dilində mahnı oxuması böyük marağa səbəb olmuşdu. Bu ifası onu göstərdi ki, Mədət Quliyev təkcə idmanla deyil, həm də incəsənətlə də məşğul olur və bu sahədə böyük bacarığa malikdir. Sosial şəbəkələrdə onun rok üslubundakı ifasını dəyərləndirən peşəkar musiqiçilər də qeyd etdilər ki, Mədət Quliyevin ifası bir çox musiqiçiləri geridə qoyur.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin bir çox bacarıqları var ki, artıq çoxlarına məlumdur. Onlardan bir neçəsini təqdim edirik. 

Öncə qeyd edək ki, Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 13 yaşından başlayaraq müntəzəm olaraq idmanla məşğul olub. 18-22 yaşlarında Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRİ yarışlarında çempion olub. 160-dan artıq fəxri fərmanla və mükafatlarla təltif olunub. 21 yaşında isə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə "qara kəmər” alıb.

DTX rəisi bütün bunlarla yanaşı, həm də peşəkar velosiped sürməyi bacarır. Belə ki, iki il öncə o, Bakıda keçirilən velosiped yürüşündə iştirakı ilə gündəmə gəlmişdi. Mətbuatda yayılan fotolardan da aydın görünürdü ki, M. Quliyev velosiped sürməyi peşəkarcasına bacarır. Bu barədə jurnalistlərə açıqlama verən M. Quliyevin sözlərinə görə, Penitensiar Xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər. Nəticədə Penitensiar Xidmətin nəzdində velosiped komandası formalaşıb. Onun sözlərinə görə, həftədə iki dəfə idmanın bu növü ilə məşğul olur, yürüşə qatılır. Mədət Quliyev harada işləməsindən asılı olmayaraq hər kəsə, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hərbiçilərə fiziki sağlamlıqlarına diqqət etməsi barədə çağırış da edib.

Bir faktı da xatırladaq ki, DTX rəisi Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanıdır, 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Həm idman, həm də incəsənətlə məşğul olan DTX rəisi çalışdığı kollektivlərdə hər zaman pozitiv insan kimi tanınıb.

Musavat.com
BAKU.WS