VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının topdansatış və pərakəndə ərzaq mağazalarında Rusiya istehsalı olan məhsulların qıtlığı yaşanır. Buna səbəb Dağıstanda ötən ayın sonlarından etibarən TIR sürücülərinin "Platon sistemi"inə etiraz olaraq başlatdıqları tətillərdir.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan qonşu ölkəyə və geriyə yük daşıyan TIR-ların Dağıstandan hərəkətinin çətinləşməsi Rusiya ilə Azərbaycan arasında ərzaq, kənd təsərrüfatı məhsullarının idxal və ixracında ciddi problemlər yaradıb. Nəticədə ölkəni Rusiya, Ukrayna və Belarus ərzaq məhsulları, gündəlik tələbat malları ilə təmin edən firmaların çoxu fəaliyyətlərini dayandırıblar.

Son günlər Şimali Qafqazda TIR sürücülərinin, yükdaşıma şirkətlərinin tətilləri dayandırdığı haqda xəbərlər var. Dağıstanda isə TIR sürücülərinin tətili hazırda qismən səngisə də, davam etməkdədir. Xəbərlərə görə Azərbaycan dövlət nömrə nişanlı TIR-lar polis maşınlarının müşaiyəti ilə Dağıstan ərazisindən hərəkət edir. Lakin belə görünür ki, sürücülərin bir çoxu dağıstanlı sürücülərin hücumuna məruz qalmamaq üçün səfərlərini dayandırıb. Çünki Bakının topdansatış və parakəndə ərzaq mağazalarında Rusiya mallarının qıtlığı açıq-aşkar müşahidə olunmaqdadır.

Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində yerləşən bir neçə ərzaq mağazasının satıcısı ilə söhbətləşdik. Satıcılar deyirlər ki, xarici məhsullar, demək olar ki, tamamilə sıradan çıxıb. Onların yerini yerli məhsullar tutub. Satıcısı Məmmədəli Novruzovun sözlərinə görə, Dağıstandan ərzaq məhsulu gətirənlər daha çox fərdi şəxslərdir.

"Bütün xarici məhsullar qıtlaşıb, demək olar ki, tamamilə gəlmir. Rusiya, Ukrayna istehsalı olan kolbasa və sosiskalar əvvəl az da olsa gəlirdi, özü də yaxşı satılırdı. Amma indi bunlar konkret olaraq gəlmir. Rusiyadan hazırda çox az da olsa, smetan, mayonez, düyü ala bilirik, amma o da əvvəlki kimi deyil. Bütün növ yağlar, istər duru yağ, istər marqarin, istərsə də kərə yağı ixracı kəskin azalıb", - satıcı bildirir.

Xətai rayonu, Həsən Salmani küçəsində yerləşən ərzaq mağazasının satıcısı Xalid Məmmədov da ən çox tələbat olan Rusiya istehsalı qənnadı məhsullarının satışdan yığışdığını təsdiqləyir: "Kimsə Dağıstana gedəndə oradan 3-5 kq konfet və ya bir qutu yağ gətirir. Mağazalarda tanışı varsa, ona ötürüb satdırır. Yəni əvvəlki kimi anbarda istənilən qədər məhsul yoxdur, çox azdır. Biz özümüz də pis vəziyyətdə qalmışıq, alıcıların hamısı keyfiyyətinə görə Rusiya istehsalı olan konfet axtarırlar", - deyə satıcı bildirir.

Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən topdansatış mağazalarında da eyni vəziyyətlə qarşılaşdıq. Satıcılar bildirirlər ki, Dağıstanda baş verən tətillər bəzi firmaları müflis edib. Bu səbəbdən də hələ ki, anbarda qalan malları satırlar. Davamı gəlmədiyindən topdansatış mağazalarında da xarici məhsulları yerli məhsullar əvəzləyir. Satıcı Şərif Əliyevin sözlərinə görə, ən tapılmayan məhsul yağdır.

"Satışda çox az Ukrayna və Belarus yağları var. Mağazaların vitrinlərində, ümumiyyətlə, xarici məhsullar yığışıb. Ancaq "Azərsun", "Veysəloğlu", "Vestgold" və digər yerli şirkətlərə məxsus məhsulları görə bilərsiniz. Deyirlər rus ərzaqları bahalaşdırıblar, hanı, heç var ki, bahalaşsın da?", deyə satıcı sual edir.

Virtualaz.org bu mövzuya ötən buraxılışlarından birində toxunmuşdu və "28 May" metro sansiyasının yaxınlığında yerləşən topdansatış mağazalarının satıcıları Rusiyadan məhsul gətirilməsi dayandığı üçün anbarlarda da ərzaqların tükəndiyini demişdilər. Görünən odur ki, bu problem hələ də qalır, Bakıda açıq-aşkar Rusiya və digər xarici ölkələrdən gətirilən ərzaq mallarının qıtlığı yaşanır.

Qeyd edək ki, Dağıstanda TIR sürücüləri martın 27-dən bəri "Platon sistemi"inə etiraz olaraq tətil keçirirlər. Dağıstanlı sürücülər Azərbaycan dövlət nömrə nişanlı TIR-ların da sürücülərini zorla öz aksiyalarına cəlb etməyə çalışdıqlarına görə, onların hərəkətini əngəlləyib, hücuma məruz qoyub, hətta maşınlarını yandırıb və özlərinə atəş açıblar. Bu zaman sürücülərdən döyülənlər və maşınları yandırılanlar da olub. Sürücülərin sözlərinə görə, etirazçılar onları hədələyərək "darıxmayın, geri qayıdanda gününüzü görəcəksiniz" deyirlər.
 
BAKU.WS