VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan mövcud qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı Bakı və regionlarda monitorinq və reydləri davam etdirir. Komitə tərəfindən növbəti belə monitorinq bu gün Sabunçu rayonunun Ramana və Maştağa qəsəbələrində keçirilib.

BAKU.WS bildirir ki, "Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu monitorinqi Komitə müvafiq rayon icra hakimiyyətləri, bələdiyyələr və rayon polis şöbələri ilə birgə keçirib.

Monitorinqlər nəticəsində Sabunçu rayonu ərazisində dövlət mülkiyyətində olan 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb. Məlum olub ki, Ramana qəsəbəsində müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi-yaşayış və müxtəlif məqsədli tikinti işləri aparılıb. Maştağa qəsəbəsində vətəndaşların icarəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaqlarda təyinatına zidd olaraq böyük ərazilərin özbaşına hasara alınması və obyektlərin inşasının qarşısı alınıb. Belə hallara Abşeron rayonunun istifadəsində olan Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də yol verilməklə torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub.

Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokollar tərtib edilib və bildirişlər verilib. Yol verilmiş pozuntu işləri ilə bağlı 7 şəxs barəsində torpağın münbit qatının korlanaraq, qeyri-qanuni tikinti işlərinin aparılmasına görə inzibati protokol tərtib edilib. Eyni zamanda, 10 şəxsə torpaq üzərində heç bir hüquqi sənəd olmadan hasara alma halının aradan qaldırılması, 5 şəxsə isə əraziyə tökülmüş tikinti materiallarının yığışdırılması barədə xəbərdarlıqlar edilərək müvafiq bildirişlər verilib.
Aparılan monitorinqlər zamanı bir sıra hallarda vətəndaşlar, ayrı-ayrı hüquqi şəxslər tərəfindən onlara məxsus mülkiyyətin ətrafındakı torpaqların zəbt edilməsi və qeyri-qanuni hasarlanması hallarına rast gəlinib. Bu isə öz növbəsində həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır. Monitorinqlər zamanı kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarına da rast gəlinir. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

Arzu Mirzəyeva
BAKU.WS