VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Azərbaycan bir əsrdən çox müddət ərzində qabaqcıl neft ölkəsi kimi tanınsa da, hazırda təbii qaz satışından əldə olunan gəlirlər neft ixracına çatmaqdadır. 

BAKU.WS "Report”a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Natural Gas World” (NGW) jurnalına bildirib. 

O qeyd edib ki, neft-kimya məhsullarının ixrac payı artmaqda davam etsə də, 2020-ci illərin ortalarında Azərbaycanın dövlət xəzinəsinə qazdan daxil olacaq gəlirlər neft gəlirləri ilə bərabərləşəcək.

Azərbaycan 2021-ci ilə qədər qaz ixracına "Şahdəniz” yatağının ikinci fazasından hər il 16 mlrd. kubmetr əlavə etməyi planlaşdırmaqla yanaşı, xüsusilə ölkədən kənarda neft-kimya, neft emalı, boru kəməri və LNG (mayeləşdirilmiş təbii qaz-Liquified Natural Gas) layihələrini genişləndirməyə də davam edir. 

"Növbəti on il ərzində Azərbaycan özünün hazırkı qaz layihələrinin reallaşması, onların genişlənməsi və yeni qaz layihələrinə start verilməsi istiqamətində bir sıra addım atacaq.

Buna əlavə, qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi və qazla işləyən yeni sənayenin yaradılması fəaliyyətimizin digər mühüm tərəflərini təşkil edir. 

Yeni qurulmuş zavodlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək, yeni iş yerləri açılacaq, kiçik və orta biznesin inkişafını stimullaşdıracaq”, - o bildirib. 

Onun sözlərinə görə, Azərbaycan neft gəlirlərinin ixracdakı payının 13,5% azalması fonunda qaz ixracından gələn gəlirlərin payını 2012-ci ildəki 2,7%-dən ötən il 10,6%-ə yüksəldib. 

R.Abdullayev deyib: "Biz 2030-cu ilə qədər daha perspektivli "Şahdəniz-3” layihəsini də həyata keçirəcəyik. "Şahdəniz-3” dənizdə yerləşən yatağın işlənilməsinin ən böyük mərhələsidir. 

Təbii qazın istehsal payının artırılması ilə yanaşı, neft və qaz emalının, kimya məhsullarının təkmilləşdirilməsi Azərbaycanda daha sabit gəlir və davamlı inkişaf üçün şərait yaradacaq, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verəcək”.

Arzu Mirzəyeva
BAKU.WS