"Piyadaların yol-hərəkət qaydalarını pozduqlarına görə cərimələri ödəmələrində xeyli fəallıq hiss olunur".

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov qeyd edib ki, cərimələrin ödənilməsi ilə bağlı çoxlu sayda sorğular, zənglər gəlir: "Mənə gələn zənglərdən, sorğu-suallardan da deyə bilərəm ki, cərimələrin ödənilməsində aktivlik hiss olunur. Bu çox yaxşı əlamətdir. Çox güman ki, belə də davam edəcək".

Qeyd edək ki, piyadaların xeyli hissəsinin yol-hərəkət qaydalarını pozduqları üçün onlara yazılan cərimələri ödəməməsinə görə yol polisi tərəfindən müəyyən tədbirlər görülür. Bundan öncə V.Əsədov Trend-ə bildirmişdi ki, 2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada yol-hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Ancaq onlardan 50 faizə qədəri cərimələri ödəməyib.

BAKU.WS