SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Biz keçən ay "Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş "Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə "Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq”.

Dövlət başçısı vurğulayıb ki, digər inşaat layihələrinin icrası da nəzərdə tutulur: "Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir". 

"Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək". İstiPress-in məlumatına görə, bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev deyib. 

Prezident söz verdi: "Bakı daxma, "naxolstroy”lardan təmizlənəcək"

O, yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə ediləcəyini açıqlayıb. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. "Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq".

Ölkədəki tikinti işlərindən danışan prezident deyib ki, inşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. "Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər".
 
BAKU.WS