SİZİN REKLAM BURADA!
055 213 76 73


1996-cı ildə BMT Baş Assambleyası dekabrın 7-sini Beynəlxalq Mülki Aviasiya Günü elan edib və hökumətlərə, həmçinin müvafiq milli, regional, beynəlxalq və hökumətlərarası təşkilatlara təkidlə bu günün bayram edilməsi barədə müraciət edib.

BAKU.WS xəbər verir iki, Mülki Aviasiya Gününün bayram edilməsində məqsəd geniş ictimaiyyəti üzv-dövlətlərin sosial və iqtisadi inkişafına mülki aviasiyanın töhfəsi, həmçinin BMT-nin xüsusi strukturu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bəşəriyyətə xidmət edən yüksəksürətli qlobal nəqliyyat şəbəkəsinin yaradılması üzrə səylərin birləşdirilməsi sahəsində unikal rolu haqda məlumatlandırılmasından ibarətdir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyası mülki aviasiyada beynəlxalq normaları müəyyən edir, təhlükəsizliyin və səmərəliliyin artırılması məqsədilə onun inkişafını əlaqələndirir. ICAO-nun vəzifələri sırasına təkcə bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin olunması və qaydalı inkişafı deyil, həmçinin təşkilatın müxtəlif aspektləri və mülki aviasiya sahəsində bütün məsələlər, o cümlədən yükdaşımaları üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi daxildir. İCAO-nun qaydalarına uyğun olaraq, beynəlxalq hava məkanı uçuş informasiyası rayonlarına – naviqasiya vasitələrini və hava hərəkətinə nəzarət imkanlarını nəzərə almaqla sərhədləri müəyyən olunan hava məkanlarına bölünüb. ICAO-nun funksiyalarından biri də dünya aeroportlarına aeronaviqasiya və meteorologiya məlumatlarının, uçuş planlarının və s. çatdırılması üçün dördhərfli fərdi şifrlərin - identifikatorların verilməsidir. Hazırda bu təşkilat 192 üzv-dövləti birləşdirir. Azərbaycan 1992-ci ilin noyabrın 8-də İCAO-ya daxil olub.

Bu il Azərbaycan mülki aviasiyası 85 illik yubileyini qeyd edir. Ölkəmizdə bu sahənin əsası 1938-ci il iyunun 2-də - ilk mülki aviasiya dəstəsinin yaradılması ilə qoyulub. Məhz bu tarix Prezident İlham Əliyevin 18 may 2006-cı il Sərəncamı ilə iyunun 2-sinin Azərbaycanda Mülki Aviasiya Günü elan olunmasının əsasını təşkil edib.

Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycanda mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini həyata keçirən və tənzimləyən mərkəzi icra orqanıdır. O, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir. Agentlik, öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq edir, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir. Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir, Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.

Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı aeroport elan edilib, aeroport sənayesi üçün ən nüfuzlu hesab olunan “Skytrax World Airport” mükafatlarına layiq görülüb.

“Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən yüksək “5 ulduz”la təltif edib. İndiyədək dünyada bu cür qiymətə cəmi 8 aeroport layiq görülüb.

BAKU.WS