SİZİN REKLAM BURADA!
055 213 76 73


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo mərkəzi fəaliyyətə başlayıb.
 
Azərbaycan Cüdo Federasiyasından (ACF) BAKU.WS-ə verilən məlumata görə, artıq Sumqayıt idmançıları üçün ilk məşqlər keçirilib.
 
ACF-in dəstəyi ilə qurulan cüdo mərkəzinin ümumi sahəsi 1900 m2 təşkil edir. Mərkəzdə üç “dojo” (cüdo məşq zalı) mövcuddur və onların sahəsi müvafiq olaraq 540 m2, 210 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun tatamilərlə təchiz olunub.
 
Ümumi sahəsi 100 m2 təşkil edən fiziki hazırlıq zalı zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otaqları, həkim otağı, masaj otağı, sauna mövcuddur. Həmçinin məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları təmin olunub.
 
Sumqayıt cüdo təlim mərkəzinin baş məşqçisi İlham Məmmədov bildirib ki, Sumqayıtda uşaqlar, yeniyetmələr və gənclər arasında cüdoya maraq böyükdür: “İlk növbədə Sumqayıt cüdo ictimaiyyəti adından möhtərəm Prezidentimizə yaradılan yüksək şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Cüdo idmançıların yüksək fiziki hazırlığa malik olmaqları ilə yanaşı, həmçinin onların intellektual və mənəvi inkişafına da mühüm töhfə verir. Biz də məşqçilər olaraq, ölkə və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular və ən əsası layiqli vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik.”
 
Qeyd edək ki, təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən 10-dan yuxarı peşəkar cüdo məşqçilərinin təcrübəsindən faydalancaqlar.
BAKU.WS
QALEREYA