SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı Metropoliteni” QSC-nin 2023-cü il üçün müvafiq təmir planına uyğun olaraq, “Cəfər Cabbarlı” stansiyasında “ET-5M” tipli eskalatorlardan birinin əsaslı təmirinə başlanılıb.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Normativlərə uyğun olaraq, bu tipli eskalatorlar 150 min km-dən çox qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır.

Təmir briqadası eskalatorun qovşaq və hissələrinin təmiri üçün lazımi material, ehtiyat hissələr, tərtibat və alətlərlə təchiz edilib. Həmçinin stansiyada tikililərin, üzlüklərin və vestibülün zədələnməməsi istiqamətində lazımi tədbirlər görülüb. İşlərə məsul şəxs təyin olunmaqla aidiyyəti işçilər təlimatlandırılıblar.

Təmirin birinci mərhələsində tam dövrə üzrə 70 metrdən artıq olan lent zolağının sürahi elementlərinin və pillələrin demontajına başlanılıb. Daha sonra eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərriki çıxarılacaq. Bütün qovşaq, hissə və elementlər təftiş üçün təmir sahəsinə göndəriləcək. Həmçinin markşeyderlər qrupu eskalatorda fermaların çökmə səviyyəsini, mərkəzdən qaçma və digər parametrlərin ölçülməsi üzrə iş aparacaqlar. Diaqnostik və normativ müayinələr aparılmaqla yararsız hissələr müvafiq ölçü və standartlara uyğun yenilənəcək, digər hissələr isə təmir-bərpaya cəlb olunacaq.

Eskalator yenidən yığılmaqla təkrar diqanostik müayinələr aparılacaq. Metropolitenin sahə üzrə müfəttişliyi istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirdikdən sonra eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edəcək.

Təmir işlərinin gələn ilin fevral ayına qədər yekunlaşdırılması nəzərdə tutulub.

BAKU.WS
QALEREYA