SİZİN REKLAM BURADA!
055 213 76 73


“İyulun 1-də ölkə ərazisində artıq üç sel hadisəsi müşahidə olunub”.

Bunu BAKU.WS-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb:

“Təəssüf ki, bəzi vətəndaşlar sel-daşqın hadisələri zamanı məsuliyyətsiz davranışlar edirlər. Nəticədə sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir. Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır.

Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Belə hallarda hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Çünki selin istiqamətini öncədən müəyyənləşdirmək olmur. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar.

Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş verən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər”. 

Nazir müavini bildirib ki, iyul ayı yağışlı hava ilə başlayıb:

“Bu gün hidrometeoroloji stansiyalardan əldə etdiyimiz məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Ən çox yağıntı adətən yayda quraq hava ilə səciyyələnən Bərdədə qeydə alınıb. Burada yağıntının miqdarı bir neçə saat ərzində aylıq normanın 114 faizini təşkil edib. 

Digər rayonlara gəlincə, Qaxda aylıq normanın 70, Tərtərdə  94, Goranboyda 54, Göyçayda 55, Mingəçevirdə  36, Kürdəmirdə  47, Zərdabda 55,  Salyanda 37 faizini təşkil edib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı isə 2 millimetr olub”.

Qeyd edək ki, son günlər ölkə ərazisində hava qeyri-sabit keçir. Bəzi rayonlarda isə sel-daşqın hadisələri qeydə alınır. 

BAKU.WS