SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, eləcə də müxtəlif yaş qrupları üzrə uşaqların inkişafını dəstəkləyən avadanlıqlar quraşdırılıb və oyun meydançaları salınıb. Bununla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda idmanla məşğulolma vərdişinin yaradılması məqsədilə ərazi müxtəlif idman qurğuları ilə təchiz olunub. Eyni zamanda, həyətyanı sahədə 6 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Yaşayış zonasında yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasadı və blokları tam təmir olunub, asfalt və dam örtükləri yenilənib, blokların köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəzlənib, elektrik sistemi yenidən qurulub, avtomobillər üçün avtodayanacaq yaradılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 388 ağac əkilib, 2540 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı yaşıl sədlər (green barriers) yaradılıb.

Yeni həyətin açılışı zamanı ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönləndirmək, ətraf mühitin qorunması və atmosferi oksigenlə zənginləşdirmək məqsədilə əraziyə könüllülərin iştirakı ilə müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Abadlaşdırılan həyətin bir neçə sakini öz təəssüratlarını bölüşüb.

Sakin Təbriz Əsgərov uzun müddətdir bu həyətdə yaşadığını, əvvəllər ərazinin bərbad halda olduğunu bildirib. O, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyətdə gözəl abadlıq işlərinin aparıldığını qeyd edib. “Ərazidə uşaqlarımız üçün oyun meydançaları salınıb, onlar çox xoşbəxtdirlər. İnsanların rahatlığı üçün həyətdəki asfalt örtüyü yenilənib. Ərazidə gənclərin idmana həvəsini artırmaq üçün müxtəlif qurğular da var. Dövlətimizin başçısının idmana diqqəti sayəsində Azərbaycan bütün dünyada artıq idman ölkəsi kimi tanınır”, - deyə T. Əsgərov vurğulayıb.

O, ölkəmizin hər yerində geniş abadlıq işlərinin aparıldığını diqqətə çatdırıb.

Abadlaşdırılan həyətin digər sakini Yaşar İmanov 1984-cü ildən bu ərazidə yaşadığını deyib.

“Məhəllənin əvvəlki və indiki vəziyyətini müqayisə edərkən çox sevinirik. Əvvəllər ərazidə çalalar var idi, yağış, qar yağanda palçıq, digər vaxtlar isə toz-torpaq olurdu. Küçələrimiz isə işıqsız idi. İndi belə problemlər həll olunub”, - deyə Y. İmanov qeyd edib.

O, həyata keçirilən abadlıq işlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib.

Sakin söyləyib ki, uşaqlarını dincəlməyə aparmaq üçün artıq harayasa getməyə ehtiyac yoxdur. Binanın həyətində bütün zəruri şərait yaradılıb.

Otuz ildir burada yaşadığını deyən Mirismayıl Həsənov isə bildirib:

“Əvvəlki ilə indiki vəziyyət arasında çox fərq var. Artıq bina ərazisində uşaqların, gənclərin və yaşlıların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif qurğular qoyulub. Bundan əlavə, ərazidə söhbətgahlar quraşdırılıb, yaşıllıqlar salınıb, ağaclar əkilib. Burada yaşayan insanların təhlükəsizliyi üçün kameralarla müşahidələr aparılır. Görülən işlər təqdirəlayiqdir”.

Görülən işlərə görə dövlətimizin başçısına təşəkkür edən sakin Xalidə Səfərova bildirib ki, abadlaşdırılan həyət insanları çox sevindirir.

O deyib:

“Qarabağda bərpa və yenidənqurma işləri aparılır. Buna baxmayaraq, ölkənin hər yerində abadlıq işləri davam etdirilir, insanların rahatlığı üçün tədbirlər görülür. Bu da bizə göstərilən diqqət və qayğının təzahürüdür. Abadlaşdırılaraq bu gün sakinlərin istifadəsinə verilən növbəti həyət hər birimizi sevindirir”.

BAKU.WS
QALEREYA